“Sabah”ın adı təkcə Premyer Liqada və Azərbaycan kubokunda hallanmır.
Əvəzedicilər Liqasında da “Sabah-2” rüzgarı əsməkdədir.
Xorvat çalışdırıcı Adeno Mustedanagiçin baş məşqçisi olduğu komanda “Turan Tovuz-2” ilə səfər matçında 3:0 hesablı qələbə ilə qayıtmaqla vahid liderə çevrildi.
“Neftçi-2”nin Qəbələdə yerli komanda önündə darmadağın olması ilə (1:5) üstünlük “tələbələr”in tərəfinə keçdi.
23 turdan sonra aktivində 50 xal olan “Sabah-2” ilk pillədəki yerini bərkidib. 2-ci sırada yer alan “Neftçi-2”nin 47, 3-4-cü pillələri bölüşən “Zirə”ylə “Qəbələ”nin 46 xalı var.
Çempionatın başa çatmasına cəmi 4 tur qalıb.
Lider növbəti turlarda “Kəpəz”lə “Neftçi”ni qəbul edəcək, “Kəpəz” və “Araz-Naxçıvan”la səfərdə üz-üzə gələcək.
Mövsümün başa çatmasına sayılı günlər qalmış Əvəzedicilər Liqasındakı vəziyyət heç də Premyer Liqadan geri qalmır. Maraqlıdır ki, hər iki yarışda rəqiblər “Sabah”ı saxlamağa, çempionluğu bayram etməməsinə çalışır.
Masazırı təmsil edən komandanın taleyi öz əlindədir. Xüsusən “Neftçi” ilə oyunda əldə olunacaq mümkün qələbə böyük ölçüdə “qızıl”ı gətirəcək,
Yox, “Neftçi” qalib gəlsə, yaxud bərabərlik əldə olunsa, belədə, “ağ-qaralar” kimi, “Zirə”ylə “Qəbələ” üçün də yaxşı imkan yaranacaq.
Qısası, “əvəzedicilər”dəki rəqabət və intriqa heç bir halda elitadakı mübarizədən geri qalmır.
Hələ ki, gülən “Sabah”dır. Görək, sonda sevinən kim olacaq.
HƏBİB / SPORTİNFO.AZ

