Növbəti mövsümdən etibarən Əvəzedicilər Liqasının ləğv edilib-edilməyəcəyi may ayında dəqiqləşəcək.
Saytımız bu barədə son məlumatı AFFA-dan əldə edib.
Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, çempionatın fəaliyyəti ilə bağlı yekun qərarı İcraiyyə Komitəsi (İK) verəcək. İK 2 ay sonra keçiriləcək toplantısında bu mövzuya dair bütün söz-söhbətlərə nöqtə qoyacaq.
Hazırda Premyer Liqa mənsublarından yalnız «Qarabağ» və «Neftçi» yarışın dayandırılmasına etiraz edir.
Ağdam klubunun İK-də təmsil olunan üzvü Qurban Qurbanov son yığıncaqda məsələyə münasibət bildirib, liqanın ləğvinin gənclərin inkişafına ciddi mane yaradacağını əsaslandıran bir sıra fikirlər söyləyib.
AFFA elita təmsilçilərindən rəy alıb. Başda «Turan Tovuz» olmaqla, digər iştirakçılar «dubl»ların fəaliyyətində bir məna görmədiklərini qeyd ediblər.
Liqanın olmasına qarşı çıxan və bunu gündəmə gətirən şəxs Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevdir. O, 3 ilə yaxındır ki, eyni təşəbbüslə çıxış eləyir.
SPORTİNFO.AZ

