Əvəzedicilər Liqasının ləğvi gözlənilir.
Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, növbəti mövsümdən bu yarışın fəaliyyətini dayandırması nəzərdə tutulub.
Bununla bağlı Premyer Liqa klublarının rəyi öyrənilib. Elita təmsilçilərinin əksəriyyəti ikinci komandalarının mövcudluğunun faydalı olmadığını bildirib.
Onların fikrincə, «dubl»un saxlanılması əlavə «yük»dür. Çünki onun saxlanılması üçün xeyli vəsait tələb olunur.
Ötən illər ərzində dəfələrlə «get-gəl» edən, gah keçirilən, gah dayandırılan çempionat, əslində, 2025-ci ildə tarixə qovuşmalı idi. «Turan Tovuz» başda olmaqla, Premyer Liqa mənsublarının böyük qismi bu turnirin təşkilinin əleyhinə idi.
«Qarabağ» və «Neftçi»nin əks mövqeyi yarışmanın ləğvini ertələdi. İndi isə burada cəmi 10 komanda mübarizə aparır.
AFFA «İmişli»ə və «Karvan»a 1 illik möhlət verib. Ancaq istənilən halda federasiya yenə çətin vəziyyətlə üzbəüz qalıb:
klublar onlar tərəfindən ayrılan illik yardım paketindən 250 min manatı bu sahəyə yönəltməyə daha uca səslə etiraz etməyə başlayıblar.
SPORTİNFO.AZ

