Bax, buna görə o, Santosdur, sən isə Ağadadaşsan!

25 May 23:45 Əvəzedicilər 270
Bax, buna görə o, Santosdur, sən isə Ağadadaşsan!

“Neftçi-2” prinsipial qarşılaşmada “Sabah-2” ilə heç-heçə oynamaqla (2:2) rəqibin çempionluğu bayram etməsini yana-yana izlədi.

Oyun “ağ-qaralar” üçün əla başlamışdı. Rəşad Abdullayevin komandası ilk hissədə vurulan 2 qolla önə keçərək ciddi üstünlük qazanmışdı. Bu gedişlə qolların davamı da gələcəkdi. Lakin...

Premyer Liqada görməyə alışdığımız Ağadadaş Salyanski ikinci hissənin əvvəlində adi epizodlarımn birində qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoydu. Nəticədə say üstünlüyü qazanan “tələbələr” 2 qol vurub, istədiyi nəticəni əldə etdi.

Ağadadaş niyə “qırmızı” aldı?

Nəymiş, rəqibin braziliyalısı Andrey Santos “Mister Salyanski”nin ayağını tapdayıbmış. Dünyadan bixəbər Santos hardan bilsin ki, Ağadadaş əsas komandada oynayır, qol vurmaqdan doymur, Azərbaycanın ən üzdə olan istedadlarından sayılır. Bunları bilsəydi, nəinki ayağını tapdayardı, heç toxunmazdı da.

Salyanskinin həmin epizodda etdiklərinə təkrar-təkrar baxın. Görün, özünü nə hala salır, nələr edir. Tullanıb-düşür, rəqibin boğazından yapışır, başını braziliyalının sinəsinə sürtür.

Qaydasız döyüşçüyə bənzəyən Santos isə ciddi qarşılıq vermədən qarşısındakının etdiklərinə baxıb, gözlərinə inanmır.

Nəticədə baş hakim tam haqlı olaraq Ağadadaşı meydandan qovur, Santosa isə sarı vərəqə göstərir.

Ağadadaş meydanı tərk edib komandanı yoldaşlarını çətin vəziyyətdə qoyur, Santos isə baş verən hadisədən güc alaraq daha da inamlı görünür və komandasının 2 qol vurmasına sevinir.

Bax, buna görə də o, Santosdur, sən isə Ağadadaşsan.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 May 02:50 İki qolla uduzdular