“Bir neçə futbolçu yaxın gələcəkdə “Neftçi”də özündən söz etdirəcək”

22 Dekabr 2023 21:00 Əvəzedicilər 1 521
“Bir neçə futbolçu yaxın gələcəkdə “Neftçi”də özündən söz etdirəcək”

“Mübarizə, istək və nizam-intizam olan yerdə nəticə də olacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev deyib.

“Ağ-qaralar”ın əsas komandasından fərqli olaraq, əvəzedici heyəti əla mövsüm keçirir. Abdullayevin çalışdırdığı gənclər 17 tura 43 xal toplayıb və turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Ən yaxın rəqibi “Sabah-2”ni 6 xal qabaqlayan 14 qələbə qazanıb və 1 heç-heçə edib. Passivində yalnız 2 məğlubiyyət olan “neftçililər” çempionluq yolunda inamla irəliləyir.

Abdullayev bildirib ki, sezon kənardan göründüyü kimi asan keçmir.

Əvəzedicilərin oyunlarının əsas komandaların matçlarından 1 gün sonraya salınması çempionatın gedişatını gərginləşdirib. Çünki Premyer Liqada şans qazanmayan təcrübəlilər onlara qarşı meydana çıxır:

“Bu məqam turnir cədvəli sarıdan müəyyən çətinlik yaratsa da, futbolçuların inkişafı baxımından faydalı olacağına inanıram.

Bizim üçün lap yaxşı! Gənc futbolçularımızı təcrübəli həmkarlarına qarşı mübarizə aparmağa kökləyirik.

Hazırda vəziyyəti nizamlaya bilirik. Mövsümün ikinci hissəsi qabaqdadır.

Bizim üçün bir nömrəli məsələ əsas komandaya istedadlı gəncləri qazandırmaqdır. Bir neçə futbolçu var ki, yaxın gələcəkdə “Neftçi”də adlarından söz etdirəcəyinə inanıram”.

Xəbər Lenti