"Məni qorxutmaq istədiyi üçün…”

11 Dekabr 2023 08:50 Əvəzedicilər 518
"Məni qorxutmaq istədiyi üçün…”

AFFA-nın İntizam Komitəsi "Zirə-2”nin baş məşqçisi Zaur Həşimovu iki oyunluq cəzalandırıb.

Cəzaya səbəb onun "Neftçi-2” ilə matçda hakimin qərarlarına etirazı olub.

Həşimov Əvəzedicilər Liqasının 15-ci turu çərçivəsində baş tutan qarşılaşmanın 10-cu dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılıb.

İkioyunluq cəza ilə yanaşı, "Zirə-2” 150 manat cərimə edilib. Sportinfo.az xəbər verir ki, mütəxəssis qaynarinfo-ya açıqlamasında cəzalandırılmasına münasibətini bildirib:

"Futbolda belə hallar baş verir. Düzdür, özümü aqressiv insan və ya məşqçi saymıram. Oyunun səkkizinci dəqiqəsinə qədər fikrimcə, əleyhimizə, düzgün olmayan qərarlar vermişdi. Etiraz bildirdim, əvvəlcə sarı vərəqə göstərdi. Sonra dedi ki, belə davam edərsə, qırmızı vərəqə də göstərəcək. Hakimlər hər dəfə adamı qırmızı vərəqə ilə hədələyirlər. O təhdid edirmiş ikinci sarı vərəqəni göstərəcəyini dedi. Mən də bir qədər aqressiv şəkildə "problem yoxdur” dedim. Nəticədə dərhal "qırmızı” göstərdi. Məni "qırmızı” ilə qorxutmaq istədiyi üçün səs tonum bir qədər ağır oldu. Qeyri-adi bir şey baş vermədi. İki oyun az deyil. Gözləyirdim ki, biroyunluq cəza olacaq. Əvvəlki oyunumuzda da bu hakim var idi. Həmçin matçda da bəzi narazı qaldığım məqamlar oldu. Bəlkə də ondan qaynaqlanmışdı. İnanmıram ki, hakimlərimiz bizimlə prinsip saxlayır. Sadəcə, həqiqətən elə səhvlərə yol verirlər ki, çox vaxt oyunsonrası analizlərə baxanda bizim düz olduğumuz görünür. Ancaq hakimin verdiyi qərardan sonra heç nə edə bilmirsən”.

Mütəxəssis cəzanın endirilməsi ilə bağlı AFFA-ya şikayət etməyəcəklərini deyib:

"Yəqin ki, müraciət etməyəcəyik. Qəbul edirəm, səs tonum yüksək, etirazım aqressiv idi. Amma buna səbəb hakim oldu. Heç vaxt öz-özümə səs tonumu qaldıra bilmərəm”.

Baş məşqçi əvəzedicilərin çempionatında hakimlərin idarəçilyi ilə bağlı fikirlərini də bildirib:

"Hakimlərin bir çoxu ilə yaxşı münasibətim var. Amma meydandakı qərarları o səviyyədə deyil. Hamısını nəzərədə tutmuram. Açıq deyim, bəziləri qaydaları bilmir. Amma Premyer Liqa oyunlarında hakim səhvlərini görəndən sonra adam təskinlik tapır. Hər halda oradakıların məsuliyyəti daha böyükdür. Heç birini qərəz saymıram. Sadəcə, bəzilərinin qərarında qətiyyətlik çatmır. Hətta verdiyi qərarı sonradan dəyişənlər olur. Bu nə dərəcədə düzgündür? Başımıza gələn hadisələrdir. Məsələn, rəqib hücum edir, yan xətt hakimi bayrağı qaldırır və fit verir. Ancaq hücumun davamı kimi rəqib qol vurur və bu qeydə alınır. Oyun başlayandan sonra köməkçi əsas hakimi yanına çağırıb səhv etdiyini deyir. Yəni qolu sayırlar. Bu kimi şeylər yığılır və hansısa oyunda komandanın əleyhinə verilən qərara görə istər-istəməz reaksiya göstərirsən. Futbol emosional oyundur. Ancaq uşaqların əziyyətin, vurulan qolları, indiyə qədər yığılan xalları nəzərə alırsan. Bəzi rəqiblər heyətinə görə bizdən üstündürlər, bu normaldır. Belə rəqiblərlə oyunda əziyyətin hansısa hakimin hesabına yerə dəyəndə bu sənə pis təsir edir. Bu şikayət deyil, futbolun bir hissəsi kimi qəbul edirəm. Mən də aqressiv olmalı deyiləm, özümü toparlamalıyam”.

Xəbər Lenti