Vitse-prezident: "Hər işi biz görməli deyilik ki…"

28 Sentyabr 2023 14:40 Əvəzedicilər 826
Vitse-prezident: "Hər işi biz görməli deyilik ki…"

Peşəkar Futbol Liqası (PFL) bu mövsümdən etibarən sosial mediada bir sıra yeniliklər edib.

Bunlardan biri Premyer Liqanın yayımının «yutub»a qaytarılması, həmçinin I və II Liqa oyunlarının həmin platforma üzərindən ekranlaşdırılmasıdır.

Statistika göstərir ki, bu metod ciddi maraq doğurub, hər halda qarşılaşmaları izləyənlərin gündəlik sayı minlərlədir.

Təəssüf ki, Əəvəzedicilər Liqasının iştirakçıları diqqətdən tamamilə kənarda qalıb.

Elita təmsilçilərinin ikinci komandalarının matçlarını nə çəkən var, nə də göstərən. Sadəcə, onların oyunlarının hesabları təqdim olunur, vəssalam!

PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Sportinfo.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyət texniki və kadr məsələlərindən qaynaqlanır:

«Bilirsiz ki, Birinci və İkinci Liqanın oyunlarının hər birini «yutub»da canlı təqdim edirik. Əvvəl İkinci Liqa yox idi, əvəzedici komandalar Birinci Liqanın tərkibində mübarizə aparırdı.

İndi isə hər biri ayrıca liqadır, üstəlik, İkinci Liqa yaradılıb. Üst-üstə gəlsək, bu, 24 komanda edir və deməli, hər həftə 12 oyunu izləyicilərə göstəririk.

Texniki işçi heyətimiz bunundan öhdəsindən gəlir. Amma nəzərə alın ki, bizim də bəlli büdcəmiz var və ondan kənara çıxa bilmirik.

İstərdik ki, texniki əməkdaşların sayını artıraq, bunun üçün paralel olaraq büdcə də artmalıdır. Digər tərəfdən, hər işi biz görməli deyilik ki…

Gərək klubların özü də öz komandalarına diqqətlə yanaşsın. Qoy, Əvəzedici Liqanın oyunlarını özləri yayımlasın.

Ev sahibi olan hər klub yayımı təşkil eləsə və «yutub»da, yaxud sosial şəbəkə hesablarında göstərsə, kifayətdir.

Əksəriyyəti ikinci komandalarının oyunlarını yayımlamaq istəmir. Adicə video-icmal və ya fotoreportaj da hazırlamırlar.

Yenə yaxşı ki, biz oyunların hesablarını canlı göstəririk».

Xəbər Lenti