“Bilirdik ki, lap çempion olsaq belə, Premyer Liqaya vəsiqə qazanmayacağıq”

18 Sentyabr 2023 21:00 Əvəzedicilər 1 429
“Bilirdik ki, lap çempion olsaq belə, Premyer Liqaya vəsiqə qazanmayacağıq”

“Futbolçu başa düşməlidir və başa düşür ki, inamlı oynamaqla özü öz gələcəyini qurur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev deyib.

“Ağ-qaralar”ın ikinci komandasının çalışdırıcısı bildirib ki, peşəkar futbolçuların qarşısında yaxşı qazanc əldə etmək, medal və ya kubok qazanmaq kimi hədəflər dayanır deyə, onları oyunlara kökləmək çətin deyil.

Maraqlıdır, o, gəncləri necə motivasiya edir? Cavabı eşidək:

“Ötən mövsümü götürək, bilirdik ki, lap biz divizionda çempion olsaq belə, Premyer Liqaya vəsiqə qazanmayacağıq.

Bizdən aşağıda yer alan klublardan biri yüksələcək. Buna baxmayaraq, sona qədər mübarizə apardıq, futbolçu ruhunu ortaya qoyduq.

Bu gün maaş yüksək olmaya, qalib futbolçu avrokuboklarda çıxış etməyə bilər.

Lakin 2-3 il eyni tempi qorumaqla həm yaxşı gəlir əldə etmək, həm əsas komandaya dəvət olunmaqla avrokuboklarda oynamaq, hətta legioner həyatı yaşamaq mümkündür.

Bu və buna bənzər söhbətlərlə gəncləri başa salmağa çalışırıq. Şükürlər olsun, başa düşürlər.

Məşqdə və oyunda hər nə qədər sərt xarakterli olsam da, meydandan kənarda futbolçularla dost olmağa, reallığı başa salmağa çalışıram”.

Xəbər Lenti