“Azərsun Holdinq” bu günlərdə Avropa Mini-Futbol Federasiyası tərəfindənAntalyada təşkil olunan “Euro Business Cup” turnirində iştirak edir.
Türkiyə, Azərbaycan, Moldova, Rumıniya, Bolqarıstan, Serbiya, Portuqaliya, Gürcüstan, Qazaxıstan, Slovakiya, İngiltərə kimi ölkələrdən 24 komandanın qatıldığı mini-futbol üzrə şirkətlərarası Avropa çempionatı hərəsində 4 komanda olmaqla 6 qrupda davam edir.
Turnirdə ölkəmizi təmsil edən yeganə komanda olan “Azərsun Holdinq” qrupda “Mental Şekeroğlu Sığorta” (Türkiyə), “MFC Turkestan Turan” (Qazaxıstan) və “Nike” (Slovakiya) komandaları ilə yer alıb.
Təmsilçimiz meydana çıxdığı ilk oyunda “Mental Şekeroğlu Sığorta”nı 10:0 hesabı ilə məğlub edib. Rizvan Fərzəliyevin yetirmələri qrupun növbəti matçında “Nike”ni darmadağın edib – 7:1.
“Azərsun Holdinq” sonuncu qarşılaşmada “MFC Turkestan Turan”ı 5:0 hesabı ilə darmadağın edərək qrup qalibi qismində növbəti mərhələyə yüksəlib.
Təmsilçimizin 1/8 final mərhələsindəki rəqibi Bolqarıstanın “TPP Maritsa” komandası olub.
Olduqca gərgin və maraqlı keçən qarşılaşmanın əsas hissəsi 2:2 hesablı bərabərliklə başa çatıb. Penalti zərbələrində üstün olan (5:4) bolqarlar növbəti mərhələyə yüksəlib.
Komanda üzvləri oktyabrın 23-də vətənə qayıdacaq.
HƏBİB / SPORTİNFO.AZ

