"Qorxudan əlləri əsirdi, gör, nə yerə çatdı ki…" - "Açdı sandığı, tökdü pambığı"

20 Sentyabr 2021 01:10 Əvəzedicilər 1 402
"Qorxudan əlləri əsirdi, gör, nə yerə çatdı ki…" - "Açdı sandığı, tökdü pambığı"

Sportinfo.az Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin baş məşqçisi Ağatahir Əzimovun müsahibəsini təqdim edir:

- Rusiyanın Kazan şəhərində keçirilmiş I MDB Oyunlarında 5-ci yeri tutdunuz. Uğursuzluğun əsas səbəbini nədə görürsünüz?
- Bu, elə yaş qrupudur ki, uşaqları əsgərliyə aparırlar. Yarışdan əvvəl iki əsas qapıçımız əsgərliyə yollandı. Nəticədə təzə qolkiperlər axtarıb tapdıq. Uşaq məktəbi, məhəllə futbolu olmadığından, oyunçuları güclə tapırıq. Küçələrdə uşaqlar yoxdur, yeganə çarə böyük futboldur. Burada isə perspektivli oyunçuları heç kim bizə vermir. Kimi tapırıq, onlarla da işləyirik. Bu səbəbdən, bir az qapıçı problemi yaşadıq. Birinci oyunda Belarus seçməsinə 0:6 hesabı ilə uduzduğumuz görüşdə 0:2 hesabı ilə geridə olanda hakim qapıçımızı heç nədən qovdu. Top Azər Fərmanovun əlinə dəymədiyi halda, referi dedi ki, güya o, cərimə meydançasından kənarda əllə oynayıb. Biz də ikinci qapıçı Fərid Mikayılovla qaldıq. O da zəifdir. Çıxdı meydana, başladı qəribə hərəkətlər etməyə (gülür). Biz də qollar buraxdıq. İkinci oyunda da həminki qapıçı dayanmalı oldu. Nə vururdular, buraxırdı. Mən demirəm ki, biz super oynayırdıq. Amma uşaqlar əziyyət çəkirdi, nə gücləri varsa, onu meydanda qoyurdular. Qapıçı kömək etməyəndən sonra komanda bir az çətinlik çəkir. Gərək qapıçı bir-iki dəfə top çıxarsın ki, futzalçılar da oynasınlar.

- "Qəribə hərəkətlər" deyəndə nəyi nəzərdə tutursunuz?
- Sadə səhvlər. Top ayağındadır və 0:2 hesabı ilə uduzuruq. Qışqırırıq ki, vur qabağa. O isə topu vurub çıxartmaq əvəzinə oyunçunu aldatmaq istəyir. Yaxud ötürmə vermək istəyir, top rəqibin oyunçusuna gedir, qapı isə boş qalır. O da gətirib boş qapıya vurur. Ondan sonra komanda oynaya bilər? Belə oynamaq çox çətindir. Oyunçular bütün topların qarşısına tullanırdılar ki, qapıya getməsin. Çünki rəqib nə vurur, buraxırıq. Qırğızıstana 3:8 hesabı ilə uduzduğumuz oyunda ilk 3 dədiqəqdə 0:3 hesabı ilə geridə idik. Qapıçıya nə vururlar, buraxır. Uşaqlar hesabı 2:3 etdi, mərkəzdən cərimə zərbəsi vurdular, onu da buraxdı. Bundan sonra uşaqlar necə oynasın? Qapıçı topu tutmur, nə vururlar, qol olur. Bakıdakı məşqdə güya qapıda dayana bilirdi. Baxırdıq ki, nəsə alınır. Kazanda isə "mandraj"dandır, qorxudandır bilmirəm. Qapıçının əlləri əsirdi. Gör nə yerə çatıb ki, qapıçımızın olmadığını bildiyi halda deyir ki, məni dəyişin, oyunum alınmır, qapıda dura bilmirəm. Deyirəm ki, səni necə dəyişək: Sənin əvəzinə adam var? Yoxdur adam (gülür). Kimi qoyaq?

- Uğursuzluqları qapıçı problemi ilə əlaqələndirirsiniz?
- Xeyr. Bundan əvvəl 4 oyunçumuzu əsgərliyə aparıblar. Elə bil seçib aparırlar. Hansının bacarığı var, seçib götürürlər. Bundan əlavə, bir ildən çoxdur məşq etmirdik. 2 aydır ki, məşqlərə başlamışıq. Uşaqları bir yerə yığmışdıq, 2-3 ay məşq etdik, sonra pandemiyaya görə zallar bağlandı. Bir ildən çox oturduq, heç nə etmədik. 2 ay məşq etdik və Rusiyaya getdik, Belarus millisi isə bir gün belə, dayanmayıb. Onlar uşaq məktəbindən bu vaxtadək birlikdədirlər. Əlbəttə, formada olacaqlar və yaxşı oynayacaqlar. Biz də cəmi iki ay işlədik. Qapıçıları da bu müddətdə tapmışıq. Rəhbərliyimiz bizim üçün hər şeyi edir. Topdan suyadək hər şeyimiz var. Amma oyunçu tapmaqda problemlə üzləşirik. 50-60 uşaq böyük futboldan gəlib. Futbol və futzal tamam ayrı idman növləridir. Stolüstü tennislə böyük tennis də ayrı idman növləridir. Bu da elədir. Böyük futboldan futzala gələnlər çətinlik çəkir. Elə bil ki, uşaqlarla işləməyə sıfırdan başlayırıq.

- Demək, Qırğızıstanla görüşdə məğlubiyyətə səbəb qapıçı olub...
- Bayaq dediyim kimi, 3 dəqiqəyə 0:3 hesabı ilə uduzurduq. Qırğızlar zəif deyil. Bəlkə kimlərsə, onları və özbəkləri zəif komanda kimi görür. Amma normal komandalardır. Neçə vaxtdır ki, məşq edirlər və normal futzal oynayırlar. Bir də adı Qırğızıstandır deyə elə bilirik ki, zəifdir. Xeyr, elə deyil. Özbəklər dünya birincliyində ruslarla əla oynadı. Onlarda da inkişaf gedir. Qapıçı çatışmazlığı böyük problemdir. Qapıçı komandaya kömək etmirsə, çox çətin olur. 3-cü dəqiqədə 0:3 hesabı ilə geridəsənsə, əlbəttə çətin olacaq. Bir dənə də top qaytarmadı.

- Amma bir çoxları hesab edir ki, Moldova Qırğızıstandan daha güclüdür. Amma 5-ci yer uğrunda görüşdə Moldovaya 10:5 hesabı ilə qalib gəldiniz...
- Moldovaya 10 qol vurduq, çünki o biri qapıçı Azər qapıda idi. Moldovanı qırğızlardan güclü hesab etmirəm. Onlar 3-cü yer uğrunda görüşdə özbəklərə sonuncu dəqiqədə buraxdıqları qolla uduzdular - 3:4. Normal komandadır. Biz də onlarla oynaya bilərdik. Demirəm ki, rəqib bizdən güclü idi, bizim səviyyədədir. Qol epizodlarımız da var, neçə dəfə təkbətək qalsaq da, vura bilmədik. Amma gərək qapıçı komandaya kömək etsin də.

- Kazandan gələndən sonra federasiya rəhbərliyi ilə görüşmüsünüzmü?
- Xeyr. Hələlik nəticə ilə bağlı söhbətimiz olmayıb. Çağırmayıblar və heç nə deməyiblər. Hər şeyə real baxmaq lazımdır. Birinci sinifdən məktəbə gedirsiniz və 10-cu sinifə kimi oxuyursunuz. Mən isə 9-ci sinifdə gəlmişəm, əvvəlki illərin proqramını bilmək və universitetə gəlmək istəyirəm. Əlbəttə çətindir. Biz uşaqları 17, 18 yaşında gətirib, futzalı öyrətməyə çalışırıq. Hələlik martdakı seçmə mərhələyə kimi vaxtımız var. Komandanı düzəltməyə çalışacağıq.

- Həmin vaxtadək sizi komandadan göndərə bilərlər...
- Hər şey ola bilər. Heç kəsin yeri həmişəlik deyil.

- Sizə şans verilməlidirmi? Federasiya rəhbəri Zaur Axundov müsahibəsində sizin istefanızı da istisna etməyib...
- Mən onların işinə necə qarışa bilərəm? Onlar şans versələr də, verməsələr də özləri bilərlər. Mən əlimdən gələni edirəm və komanda ilə işləyirəm. Gəlib məşqlərimizə də baxsanız, necə işlədiyimizi görəcəksiniz. Uşaqları öyrətməyə çalışırıq. Nəyə gücümüz çatır, onu da edirik. Problem uşaqların olmamasıdır. Hardan tapaq? Bu, problemdir. Elə yaş qrupudur ki, yaxşılarını böyük futbolda saxlayırlar. Hansılar ki, onlara lazım deyil, bəzilərini götürürük. 3-4 yaxşı futzalçımız da var idi, əsgərliyə aparıblar.

- Əsas milli daim yaxşı nəticələr qazanıb. Amma U-19-dan bunu görə bilmirik...
- U-19-da legioner oynamır. Burada öz oyunçularımızı yetişdirmək istəyirik. Ona görə çətindir. Çalışırıq ki, yetişdirək. 2 il bundan əvvəlki U-19-dan hazırda "Araz Naxçıvan"da, "Neftçi"də oynayanlar var. Gələcək üçün nəsə etməyə çalışırıq.

- Son olaraq "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə etdiyi oyun barədə danışmağınızı istərdik...
- Əla oyun idi. Mən də görüşü izləyirdim. Biz elə oynamalıyıq. Bu cür qarşılaşmalar adama ləzzət edir. Oyunçular can qoyur, qapıçı yaxşıdır. Şahruddin Məhəmmədləyevin necə qapıçı olduğunu görürsünüz. Necə kömək etdiyi göz önündədir. Komanda da ona görə oynayır. Qapıçı ardıcıl qollar buraxsa, komanda oynamayacaq.

- Futzalda yetərincə qollar vurmusunuz. "Qarabağ"da isə hücumçu mövqeyində bəzi problemlər var. Ramil Şeydayev son görüşdə qısa məsafədən fərqlənə bilmədi. Siz bu barədə nə deyə bilərsiniz?
- "Qarabağ"ın baş məşqçisi hansı futbolçunun ona lazım olduğunu bilir. Mən bu barədə nə isə deyə bilmərəm. Düşünürəm ki, Şeydayevi yaxşı futbolçu olduğu üçün gətiriblər (report).

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"