
AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası qarşıdakı günlərdə keçiriləcək.
Bu barədə saytımıza federasiyanın özündən məlumat daxil olub.
Redaksiyamıza verilən informasiyaya görə, bu toplantıda bir neçə məsələ müzakirəyə çıxarılacaq. Onlardan biri də Əvəzedicilər Liqasının ləğvidir.
Qurum bununla bağlı Premyer Liqa klublarının rəyini öyrənib. Sorğuya cavab verən elita mənsublarının əksəriyyəti «dubllar»ın yarışının dayandırılmasının lehinə səs verib.
Bunu da hardasa başa düşmək mümkündür, çünki AFFA gələn sezondan Premyer Liqa iştirakçılarına ayırdığı yardım paketinin miqdarını aşağı salacaq.
Ümumi vəsait artıq 10 deyil, 12 klub arasında bölünəcək. Başqa sözlə, daha hərəyə 3 milyon yox, 2,5 milyon manat alacaqlar.
Federasiya əvəzedici komandaların fəaliyyəti üçün 300 min manat ayırır(dı). Yardım paketindən yarım milyon manatın kəsilməsi ilə onları saxlamaq klublar üçün müşkül məsələyə dönəcək.
Odur ki, elitanın bir çox üzvü bu «yük»dən qurtulmaq istəyir.
SPORTİNFO.AZ