“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədov klubun saytına müsahibə verib. Sportinfo.az həmin müsahibəni təqdim edir:
Azər müəllim, aradan 1 aydan da çox vaxt keçib. Çempionatın yekunlarını təhlil etmək, nəticələr çıxarmaq üçün xeyli zamanınız olub. Sizi eşidirik...
- 8 komandanın yarışdığı çempionatda 6-cı yeri tutduq. Gəncə futbolunun son illər vəziyyəti, yəni “Kəpəz”in fasilələr ilə fəaliyyətini dayandırıb bərpa etməsi uşaq futboluna müəyyən qədər zərbə olub. Futbola axın azalmışdı. Bunun nəticəsidi ki, əvəzedici komanda üçün uyğun yaşda futbolçu tapa bilmirik. Klubun məqsədi də yerli uşaqlarla çıxış etməkdi, ona görə kənardan oyunçu gətirmək planlarımıza daxil deyil. Bütün bunları nəzərə alıb çıxışımızı yaxşı qiymətləndirmək olar. Düzdü, yer olaraq yaxşı görünməyə bilər, amma nəticə şəraitə uyğundu.
“Kəpəz” daha üst pillələrdə yer ala bilərdi. Turnir cədvəlində yuxarıda yer alan rəqiblərlə xal fərqi elə də çox deyil.
- Bizdən 2 pillə yuxarıda olan komandalardan elə də çox arxada deyildik. Hətta 4-cü yeri tutmaq şansımız da vardı. Çempionatda üst sıralarda qərarlaşmış komandaların əksəriyyətini biz məğlub etmişik. Evdə “Qarabağ”, “Qəbələ”yə qalib gəmişik, “Neftçi” ilə heç-heçə oynamışıq. Hətta səfərdə belə bu komandalara qarşı layiqli mübarizə aparmışıq.
Artıq 2 ildi komandanın başındasız. Uşaqlarda inkişaf hiss olunur? Gələcəkdə bu futbolçulardan əsas komandada forma geyinə biləcək olan var?
- Komandada potensiallı uşaqlar var. Əvəzedici komandanın baş məşqçisi kimi yox, futbol adamı kimi deyirəm ki, gələcəkdə bizim heyətdən 4-5 futbolçu əsas komandanın heyətində yer alıb böyük futbol oynaya biləcək. Buna hamımız ümid edirik. Baş məşqçimiz Şahin Diniyevin əvəzedicilərlə bağlı fikirləri ilə də tanışam. Sevinirəm ki, Şahin müəllim gənclərə yer verməyə hazırdı. Bu gün reallıq var ki, bütün Azərbaycan aşağı yaş qrupları üzrə komandalara futbolçuları Gəncədən daşıyır. “Kəpəz”in məqsədi yerli uşaqları komandaya qazandırmaqdı. Turnir cədvəlində üst pillələrdə yer almaq sevindirici olar, amma ən əsası əvəzedicidən əsas komandaya futbolçu verməkdi. Nə qədər çox uşaq versək, bir o qədər xoşbəxt olarıq.
Yeni mövsüm üçün gedənlər və gələnlər haqda qərar verilib?
- Əlbəttə ki, dəyişikliklər olacaq. Aşağı yaş qruplarından komandaya futbolçu cəlb etmək istəyirik. Amma bir şeyi təəssüflə qeyd edim ki, U-19 komandamızdan futbolçu götürmək imkanımız aşağıdı. Bu yaş qrupu üzrə futbolçulara mövsüm ərzində göz qoymuşuq. Yenə də axtarışdayıq. Kənarda oynayan gəncəli uşaqlara da baxırıq. Perspektivli oyunçuları komandaya cəlb etməyə çalışacağıq. Çətinliyə baxmayaraq əvəzedici heyəti yaxşı səviyyədə saxlamaq əsas məqsəddi. Axtarışlarımız, danışıqlarımız davam edir.

