Fransa prezidenti Emmanuel Makron Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantinonun dünya çempionatının hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı təklifinə etiraz edib.
Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, Makron telefon danışığında İnfantinoya “FIFA Forward Enterprise” layihəsini dəstəkləmədiyini bildirib.
Fransa prezidenti dünya futbolunda birliyin qorunmasının və beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Mənbənin məlumatına əsasən, Makron Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinlə də əlaqə saxlayaraq, bu məsələdə ona tam dəstəyini ifadə edib.
Bildirilir ki, UEFA və digər futbol qurumlarının sərt tənqidlərindən sonra FİFA turnirlərinin kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması layihəsindən imtina edib.
Yaranmış vəziyyət Canni İnfantinoya təzyiqləri artırıb və bir sıra milli futbol assosiasiyalarında narahatlıq yaradıb.
