
Azərbaycan Velosiped Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
Federasiya prezidenti Mədət Quliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək rəhbərliyə uğurlar arzulayıb.
“Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib.
Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçilib.
Zaur Axundov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.
Onun yeni görəvi öz növbəsində bir çox söz-söhbətin sonunu gətirdi. Buna kimi müəyyən iddialar var idi.
Axundovun “Səbail“i himayəsinə götürəcəyi deyilirdi. Belə bir gözlənti var idi ki, “Xəzər Dəniz Gəmiçiliyi“nin sponsorluq dəstəyindən məhrum olan Bayıl klubu “Silk Way”in “çətir“i altına keçəcək.
Premyer Liqadan I Liqaya yuvarlanmağa ən real namizəd sayılan “dənizçilər“in onlarla tərəfdaşlığına AFFA-nın da çox cəhd göstərdiyi qeyd olunurdu.
Əldə etdiyimiz məlumata görə, federasiya bu işin üstündə çox dayana bilməyib. Z.Axundov yenidən futbol sektoruna dönmək niyyətində olmadığını deyərək, miəsələni bağlı elan edib.
O, 2006-2016-cı illər aralığında bu sahənin “dadına baxıb”. “Silk Way” həmin müddətdə AZAL PFK-ya maliyyə dəstəyi verib.
SPORTİNFO.AZ