İki cavabsız qol onları "Qarabağ"la üzbəüz qoydu - VİDEO

20 Avqust 2020 10:24 Çempionlar Liqası 1 085
İki cavabsız qol onları "Qarabağ"la üzbəüz qoydu - VİDEO

"Qarabağ"ı n Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, buna Tiraspolda keçirilən "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) qarşılaşmasının nəticəsi aydınlıq gətirib.

Rəqibi üzərində 2:0 hesabı ilə qalib gələn "Şerif" II raunda yüksəlib. Komandanın heyətində qollara Anatole Abanq (36-cı dəq.) və Andrey Lukiç (80) imza atıb.

Bununla da, ÇL-də mübarizəni davam etdirən Moldova klubu II təsnifat mərhələsində "Qarabağ"a rəqib olub. Bu komandalar arasında görüş avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Fola" isə çıxışını Avropa Liqasında davam etdirəcək.

"Qarabağ" avrokuboklar tarixində 3-cü dəfə "Şerif"ə rəqib olacaq. İlk duel 2017/18 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edib.

2017-ci il iyulun 25-də Bakıdakı qolsuz bərabərliyin revanşında Azərbaycan təmsilçisi avqustun 1-də Tiraspolda 2:1 hesablı qələbəyə sevinib. Həmin mövsüm "Qarabağ" tarixində ilk dəfə ÇL-in qrup mərhələsində iştirak hüququ qazanıbsa, "Şerif" Avropa Liqasının qrupunda mübarizə aparıb.

2018/19 mövsümündə isə Avropa Liqasının pley-offunda bu komandalar qarşılaşıblar. Çempionlar Liqasında məğlub olaraq ikinci dərəcəli turnirə düşən tərəflərin duelindən bu dəfə də "Qarabağ" üstün ayrılıb.

2018-ci il avqustun 23-də "Şerif" stadionunda ev sahibləri 1:0 hesablı qələbə qazanıb. Lakin həmin ayın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda ağdamlılar bunun əvəzini artıqlaması ilə çıxıblar.

"Qarabağ"ın 3 cavabsız qolla qalib gəldiyi matçdakı topların müəllifləri olan Maksim Medvedev, Vild-Donald Gerye və Filip Ozobiç hazırda da komandanın heyətində yer alır. Həmin qələbə ilə "Qarabağ" turnirin qrupuna adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti