Ağır-yorğun “Qarabağ”

6 İyul 2022 14:40 Çempionlar Liqası 1 784
Ağır-yorğun “Qarabağ”

Uzun illərdir Azərbaycandan Avropaya işıq saçan «Qarabağ»ın axırıncı dəfə qitəmiqyaslı yarışlara məğlubiyyətlə başlaması, açığı, yadıma gəlmir. Adətə dönən ənənə Poznanda pozuldu.

Heyhat, oyunun əvvəli bundan xəbər vermirdi.

Bu dəqiqələrdə ekran başına keçən istənilən seyrçi düşünə bilərdi ki, Azərbaycan çempionu «Lex»ə 3-4 top fərqiylə qalib gələcək.

Topa yiyələnmək faizi komandalar arasındakı səviyyə fərqini tablodakı rəqəmlərə yansıtmalı idi, fəqət, gedişat rəqibin baş məşqçisi Con van den Bromun planlaşdırdığı istiqamətə axdı.

Niderlandlı oyundan əvvəl mətbuat konfransında necə demişdisə, “Lex”i o cür də oynatdı.

Qətiyyən o yan-bu yan eləmədi, qarşılaşmanın məzmunu ilə bağlı beynində formalaşdırdığı təsvirə sadiq qaldı, ondan kənara çıxmadı.

«Lex» «Qarabağ»dan qorxmadı. Çəkinmədilər də. Sadəcə, balanslı və səbrli oyunla Azərbaycan çempionunu karıxdırdılar.

Əks-hücum taktikası seçib, Qurban Qurbanovun da etiraf etdiyi kimi, təəccübləndirdilər. «Qarabağ» buna hazır deyildi.

Ümumiyyətlə, «Qarabağ» Çempionlar Liqasının yeni mövsümünə hələ hazır deyil. optimal formadan uzaqdırlar.

Söhbət iki-üç nəfərdən getmir. «Qarabağ» komanda şəklində ötən mövsümün gerisindədir.

Mart-aprel-may aylarındakı «Qarabağ» daha diri, daha sürətli, daha istəkli idi və görüntü budur ki, ağır Avstriya toplanışı bütün futbolçuları zehin olaraq hələ Çempionlar Liqasına konsentrasiya etməyib.

Fiziki yüklənmənin yaratdığı yorğunluq da bir yandan – hələ özlərinə gəlməyiblər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti