Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bununla da 1/4 finalın son iki iştirakçısı müəyyənləşib.
"Vilyarreal" İtaliyada "Yuventus"un qonağı olub. Qarşılaşma "sarı sualtı qayığ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk qolu 78-ci dəqiqədə penaltidən Jerar Moreno vurub. 85-ci dəqiqədə Pau Torres fərqi 2 topa çatdırıb.
Oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə penaltidən fərqlənən Arno Qrüneveld isə yekun hesabı müəyyənləşdirib. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından ispaniyalar növbəti mərhələyə adlayıblar.
Gecənin digər oyununda "Çelsi" Fransada "Lill" ilə qarşılaşıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən "zadəganlar" cavab görüşündə də qələbə qazanıb - 2:1.
Oyunda hesabı meydan sahibləri açıblar. 38-ci dəqiqədə Türkiyə millisinin hücumçusu Burak Yılmaz 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Kristian Pulişiç tarazlığı bərpa edib. Qarşılaşmada son nöqtəni isə 71-ci dəqiqədə "Çelsi"nin kapitanı Sesar Asplikueta qoyub. Bu nəticədən sonra İngiltərə təmsilçisi adını növbəti raunda yazdırıb.
16 mart
"Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:3
Qollar: Jerar Moreno, 78 (pen.). Pau Torres, 85. Arno Qrüneveld, 90+2 (pen.)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 1:1
"Lill" (Fransa) - "Çelsi" (İngiltərə) - 1:2
Qollar: Burak Yılmaz, 38 (pen.) - Kristian Pulişiç, 45+3. Sesar Asplikueta, 71
Baş hakim: Davide Massa (İtaliya)
İlk oyun - 0:2.
Daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib. Bu mərhələnin püşkatma mərasimi martın 18-də keçiriləcək.

