Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, bununla da 1/4 finalın növbəti iştirakçıları bəlli olacaq.
Gecənin ən diqqətçəkən görüşü İngiltərədə "Mançester Yunayted" və "Atletiko" (Madrid) arasında baş tutacaq.
"Old Trafford" stadionundakı matçı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək. Madriddə keçirilmiş ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Qonaqlar cavab oyununa ciddi itkilərlə çıxacaqlar. La Liqa təmsilçisinin heyətində Mario Ermoso, Daniel Vass və Mateus Kunya zədə, Yannik Karrasko isə cəza səbəbindən oynamayacaq. Meydan sahiblərində isə itki yoxdur.
Gecənin digər matçında "Ayaks" Niderlandda Portuqaliya "Benfika"sını qəbul edəcək.
"Yohan Kroyf Arena"da oynanılacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro olacaq. Lissabondakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.
Meydan sahiblərinin heyətində Şon Klayber, qonaqlardan isə Haris Seferoviç zədəli olduqları üçün bu qarşılaşmada iştirak edə bilməyəcəklər.
15 mart
00:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 1:1
00:00. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya)
Baş hakim: Karlos del Serro (İspaniya)
İlk oyun - 2:2

