Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Gecənin maraqlı matçı Fransada PSJ və "Real" arasında baş tutub. "Park-de-Prens" stadionunda oynanılan görüşün taleyini 1 qol həll edib.
Oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə fərqlənən Kilian Mbappe meydan sahiblərinə qələbə qazandırıb. 62-ci dəqiqədə Paris klubunun argentinalı hücumçusu Lionel Messi penaltidən yararlana bilməyib.
Gecənin digər oyununda isə "Mançester Siti" Portuqaliyada "Sportinq"in qonağı olub. "Şəhərlilər" rəqibini 5:0 hesabı ilə darmadağın edib.
Qonaqların heyətində qolları 7-ci dəqiqədə Riyad Mahrez, 17 və 44-cü dəqiqələrdə Bernardu Silva, 32-ci dəqiqədə Fil Foden və 58-ci dəqiqədə Rahim Sterlinq vurublar.
Komandalar arasında cavab matçları martın 9-da gerçəkləşəcək.

