"Neftçi" bu gün Çempionlar Liqasındakı çıxışına start verəcək.
Qitənin bir nömrəli klub turnirinə I təsnifat mərhələsindən qoşulacaq son çempionumuzun rəqibi Gürcüstan çempionu "Dinamo"dur.
Samir Abasovun yetirmələri ilk görüşü səfərdə keçirəcək.
İdman mətbuatımızın nümayəndələri oyunöncəsi Sportinfo.az-a "Neftçi"nin şanslarını dəyərləndiriblər.
Amal Abışov (Sport7.az):"Dinamo"nun, Gürcüstan çempionatının səviyyəsi bəlli. Son illərdə klub səviyyəsində onları üstələmişik. Amma hazırkı "Neftçi" mənim üçün "Dinamo"dan daha çox "sirli qutu"du. Bir də ki, bizi yaxşı tanıyan Kaxaber Tsxadadze amili var. Ona görə də "xalq komandası"nın işi çətin olacaq. Ürəkdən arzu edirəm ki, "Neftçi" bu mərhələni keçsin".
Kənan Məstəliyev (Rekord.az): ""Dinamo"nun son bir aydakı demək olar bütün oyunlarının tam videoyazısını izləmiş biri kimi deyə bilərəm ki, bu komanda ciddiyə alınmalıdı. Bəli, gürcülərin heyətində ulduzlar yoxdu, büdcə baxımından da "Neftçi"dən geri qalırlar. Amma döyüşkənlikdə bizimkilərdən bəlkə də bir baş üstündülər. Böyük fiziki hazırlığa malikdilər, çempionatlarının davam etməsi səbəbindən formalarının da zirvələrindədilər. Sürətli, güclü və intizamlı futbol oynayırlar. Kaxaber Sxadadze yetərincə möhkəm kollektiv yaradıb. Üstəlik, öz meydanlarında oynayacaqlar, yaxşı azarkeş dəstəkləri olacaq. Bütün bunlar nəzərə alınmalıdı. Ancaq yenə də "Neftçi" turu keçməlidi. Qapıçı, müdafiəçi və hücumçu əvəzinə 3 yarımmüdafiəçi transfer etməklə məntiqsiz transfer siyasəti həyata keçirən "ağ-qaralar", çətinliklə üzləşsə də, rəqibini üstələməyə borcludu. Azərbaycan çempionu Gürcüstan təmsilçisini də keçməyəcəksə, deyiləcək söz yoxdu. Bəhanə axtarmasınlar, çıxıb futbol oynasınlar".
Rəşad Ergün (Komanda.az): "Düzü, "Dinamo"nun oyununa, gücünə elə də bələd deyiləm. Amma baş məşqçilərinin Azərbaycan futbolunu, "Neftçi"ni yaxşı tanımasını onlar üçün üstünlük saymaq olar. "Neftçi" bu komandanı keçməlidirmi? Keçməlidir! Azərbaycan çempionu olmaqla iş bitmir, zəhmət çək, ölkəni avrokuboklarda uğurla təmsil et. Necə ki, "Qarabağ" illərdir bunu edir. "Neftçi"nin heyəti ilə işim yoxdur, amma büdcəsinin "Dinamo"nun büdcəsindən azı iki dəfə çox olduğuna şübhə etmirəm. Elə təkcə "Neftçi"nin prezidenti, yoxsa futbolçusu olduğu bilinməyən rəhbər postdakı adamının - Kamran Quliyevin aylıq maaşı hər şeyə aydınlıq gətirir. Aylıq 10 min manatdan çox maaş alırsansa, məvacibin Avropa standartlarına uyğundursa, komandan da Avropa standartlarına uyğun olmalıdır. Yox, deyilsə, deməli, bu, futbol klubu deyil, maxinasiya yuvasıdır. "Neftçi" mərhələni keçməlidir. Keçməsə, Kamran Quliyev başda olmaqla, kluba rəhbərlik edənlərin hamısı qovulmalıdır".
Tahir Hümmətov (Apasport.az): "Tbilisi “Dinamo”sunu “Neftçi” üçün “dişinə” görə rəqib saymaq olar. Bakı klubu indiyədək Gürcüstan təmsilçiləri önündə büdrəməyib. Çempionumuz ən azı bu ənənəni davam etdirməyə borcludur. Ancaq transfer dönəmində görülən işlər ümidsizliyə qapılmağa vadar edir. 6-sı əcnəbi olmaqla 8 futbolçusunu yola salan “Neftçi” cəmi 3 transferlə kifayətlənib. “Ağ-qaralar” heyət baxımından faktiki olaraq yaralıdır. Qapı, müdafiə və hücum xəttində problemlər açıq-aşkar görünür. Üstünlükləri isə əsas heyətin özəyinin qorunmasıdır. Məhz bu amil Samir Abasovun komandasının mərhələ adlamasında rol oynaya bilər. “Dinamo”ya gəldikdə, çempionatlarının davam etməsi, kifayət qədər təcrübəli Kaxaber Sxadadze amili və ilk oyunun doğma divarlar arasında keçirilməsi xeyirlərinədir. Ümid edirəm ki, “Neftçi” Gürcüstan çempionunu üstələyər. Ancaq növbəti mərhələdə “Olimpiakos” önünə belə çıxmaq sanki avtomatsız müharibəyə getmək olar”.
Xanoğlan İmanov

