"Özüm Azərbaycanda 8 il çalışmışam və gözəl xatirələrim var. Bu müddətdə gözəl vaxt keçirdiyimdən, indi isə sizinlə yenidən bir arada olmaqdan çox məmnunam".
Sportinfo.az xəbər verir ki, bunu "Dinamo"nun baş məşqçisi Kaxaber Tsxadadze evdə "Neftçi" ilə keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis "Dinamo"nun prezidenti Georgi Pipiyanın "Neftçi"yə uduzmaq faciə deyil" açıqlamasını belə şərh edib: "Qarşıdakı matç hər iki kluba çox vacibdir. İstənilən uğur komandamız üçün öməmlidir.
"Neftçi"ni çox yaxşı tanıyıram. Rəqibin oturuşmuş heyəti var. Biz isə onların üstünlüklərinin qarşısını almağa və zəif tərəflərindən yararlanmağa çalışacağıq".
Baş məşqçi Bakı "İnter"ində (hazırkı "Keşlə") baş məşqçi olduğu dövrlə indiki arasında müqayisə aparıb: "Azərbaycanda çalışdığım dövrdə çempionatın səviyyəsi yüksək idi,
4-5 klub qızıl medallar uğrunda mübarizə aparırdılar. "Qarabağ" komandasının hegemonluğuna son qoyan "Neftçi" illərdir apardığı mübarizəni çempionluqla tamamladı".
O, Azərbaycanda 6 ildir çalışmadığını və bu müddətdə "Neftçi"də xeyli dəyişikliyin baş verdiyini vurğulayaraq, indiki məqamda hər hansı üstünlükdən danışmağın tez olduğunu söyləyib:
"Rəqibin oyunu "Dinamo"nun üslubuna çox bənzəyir. Onlar da 3 mərkəz müdafiəçisindən yararlanırlar. Həmçinin, cinah oyunçuları çox güclüdürlər" (report).

