UEFA ÇL-in finalını Türkiyədən aldı – Portuqaliyada olacaq

13 May 2021 16:00 Çempionlar Liqası 1 009
UEFA ÇL-in finalını Türkiyədən aldı – Portuqaliyada olacaq

UEFA cari mövsüm Çempionlar Liqasının final oyunu ilə bağlı yekun qərarını açıqlayıb.

Sportinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, həlledici matç koronavirus pandemiyası səbəbindən Türkiyənin İstanbul şəhərindən alınaraq, Portuqaliyaya verilib.

Final qarşılaşması mayın 29-da Portu şəhərindəki "Draqau" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Finalda "Mançester Siti" və "Çelsi" üz-üzə gələcək.

Matçın daha əvvəl Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb. UEFA görüşün İngiltərədə təşkilinin də nəzərdə tutulduğunu, lakin karantin tədbirləri üzündən danışıqların nəticəsiz qaldığını bildirib.

Avropa futbol qurumu anlayışa görə Türkiyə tərəfinə təşəkkür edib və İstanbul şəhəri üçün gələcək imkanların nəzərdən keçiriləcəyini vurğulayıb.

Türkiyə hökuməti mayın 3-də 16 ölkədən, o cümlədən, Böyük Britaniyadan gələnlər üçün mənfi nəticəli PCR testləri təqdim etmələrinə dair tələbi ləğv edib.

Bu qərar mayın 15-dən qüvvəyə minəcək. Bununla yanaşı, Türkiyə koronavirus infeksiyası üzündən "qırmızı zona"ya düşüb. Bu ölkədən Böyük Britaniyaya gedənlər mehmanxanada 10 gün öz hesablarına qalmalıdırlar.

"Türkiyə Futbol Federasiyası və səlahiyyətli nümayəndələr UEFA-nın azarkeşlərlə bağlı istəyini qəbul etdi. Onlar hər zaman bizim etibarlı tərəfdaşımız olub. Türkiyə bir çox UEFA tədbirinə böyük uğurla ev sahibliyi edib".

Bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının final oyunun Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyaya verilməsinə münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner Britaniya hökumətinin Türkiyəni səyahət üçün "qırmızı siyahı"ya əlavə etdiyini xatırladıb:

"Bu qərarın vətandaşları virusun yayılmasından qorumaq üçün qəbul edildiyini başa düşürük. Yaxın gələcəkdə Çempionlar Liqası finalının və digər tədbirlərin İstanbulda, Türkiyədə olacağına ümid edirəm".

Çeferin istəklərinə müsbət cavab verdikləri üçün Portuqaliya Futbol Federasiyasına və Portuqaliya hökumətinə təşəkkür etdiyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!