Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, "Real" və "Mançester Siti" növbəti raunda adlayıb.
İtaliyadakı ilk oyunda "Atalanta"nı minimal hesabla məğlub edən "kral klubu" evdə də rəqibinə qalib gəlib - 3:1. Meydan sahiblərinin heyətində qolları Kərim Benzema, Serxio Ramos və Marko Asensio vurublar. Qonaqlardan isə Luis Muriel fərqlənib.
"Mançester Siti" isə Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasının qapısından 2 cavabsız top keçirib.
12-ci dəqiqədə Kevin De Bröyne, 6 dəqiqə sonra isə İlkay Gündoğan rəqibi məyus edib. "Şəhərlilər" bu meydanda baş tutmuş ilk qarşılaşmada da Mönhenqladbax təmsilçisinə eyni hesabla qalib gəlmişdi.
1/8 final, cavab oyunları
24:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" Mönhenqladbax (Almaniya) - 2:0
Qollar: Kevin De Bröyne, 12, İlkay Gündoğan 18
İlk oyun - 2:0
24:00. "Real Madrid" (İspaniya) - "Atalanta" (İtaliya) - 3:1
Qollar: Kərim Benzema, 34, Serxio Ramos, 60 (penalti), Marko Asensio, 85 - Luis Muriel, 83
İlk oyun - 1:0

