"Azərbaycan yığması dünya çempionatı üçün yaxşı formadadı"

22 Avqust 2017 17:12 Boks 680
"Azərbaycan yığması dünya çempionatı üçün yaxşı formadadı"

“Dünya çempionatı üçün nəzərdə tutulan hazırlığı yüksək səviyyədə bitirdik. Üç mərhələdən ibarət təlim-məşq toplanışı keçdik. Komandamız yaxşı formadadır. İnanıram ki, Hamburqda lazımı nəticəni əldə edəcəyik”.

Sportinfo.az xəbər verir ki, bunu kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın dünya çempionatına hazırlığını dəyərləndirərkən deyib.

Abdullayev bildirib ki, dünya çempionatına qatılacaq hər bir boksçu uğur qazanmaq gücündədir: “Hamburqda rinqə çıxacaq boksçularımız kifayət qədər təcrübəlidirlər. Onlar bir sıra mötəbər turnirlərdə özlərini yaxşı tərəfdən göstəriblər.

Heyətdəki boksçularımızdan Kamran Şahsuvarlı, Lorentso Sotomayor və Məhəmmədrəsul Məcidov olimpiadaların, Pərviz Bağırov dünya çempionatının mükafatçısıdır. Bu səbəbdən onlara ümidlər böyükdür. Yarışın Azərbaycan üçün uğurlu alınacağına inanıram. Amma boksçularımızın medala gedən yolunda püşkatma da rol oynayacaq”.

Böyük məşqçi sayca XIX dəfə keçiriləcək dünya çempionatının digərlərindən fərqlənəcəyini vurğulayıb. O bildirib ki, mundial iştirakçıları bu dəfə lisenziya ilə bəlli olduğundan, hər bir döyüş gərgin keçəcək: “Bizim mübarizə aparacağımız çəki dərəcələrində də kifayət qədər titullu boksçular rinqə çıxacaqlar. Onlar arasında Rusiya və İngiltərə təmsilçilərini fərqləndirərdim. Amma qalib olmaq üçün hər birindən üstün olmalıyıq”.

Azərbaycan yığması bu gün avqustun 25-dən sentyabrın 3-dək mundialın keçiriləcəyi Almaniyanın Hamburq şəhərinə yollanıb. Dünya çempionatında Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) vuruşacaq.

Hamburqda 10 çəki dərəcəsinin hərəsində 28 nəfər olmaqla, ümumilikdə 280 boksçu mübarizə aparacaq. Hər çəkidə 1 idmançı ev sahibi Almaniyanı təmsil edəcəksə, daha 1 yerə AİBA “wild card” verib. Digər 26 iştirakçı isə qitə çempionatları nəticəsinə əsasən bəlli olub.

Mundialda ən çox boksçu ilə Avropa təmsil olunacaq. “Köhnə qitə”dən hər çəki dərəcəsində 8 idmançı gücünü yoxlayacaq. Hamburqa Asiya və Amerika qitələrinin hərəsi hər çəkidə 6, Afrika 4, Okeaniya 2 idmançı ilə gedəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti