Toral Bayramovun çıxış etdiyi “Bursaspor” son Ukrayna çempionu “Şaxtyor”la qarşılaşıb.
Türk mütəxəssis Arda Turanın baş məşqçisi olduğu Donetsk təmsilçisinə qarşı yoxlama görüşü 0:0 hesabı ilə yekunlaşıb.
Millimizin üzvünün start heyətində meydana çıxması hamımızı sevindirdi.
Əksəriyyət kimi mən də ekran qarşısına keçib, həmyerlimizin 40 min yerli azarkeş önündə performansını izlədim.
Gərək ki, heç bu həvəsə düşməyəydim.
Bayramov çox bərbad 45 dəqiqə keçirdi.
Mövqeyini tez-tez itirən arxa xətt oyunçusu bir çox hallarda nə etmək istədiyini bilmirdi.
Hücumlara inamlı qoşulmasına adət etdiyimiz futbolçu niyəsə topdan qaçırdı, niyəsə oyunu özü üzərinə götürməkdən qorxurdu.
Yersiz top itkiləri də öz yerində.
Sanki Çempionlar Liqası kimi nüfuzlu yarışda təcrübəsi olan, bundan da böyük, çılğın auditoriya qarşısında oynayan Toral olmayıb.
Kölgədə qalan müdafiəçi 2-ci hissənin əvvəlində - 46-cı dəqiqədə yerini Barış Göklə verməli oldu.
Hələ bu harasıdır, 26 yaşlı futbolçu belə davam etsə, çətin ki, onda bir də əsas heyətfə yer verilsin.
Hətta 1 ilə vətənə qayıtsa heç təəccüblənmərəm.
İlkin işartılar mənə bunu deyir.
Gözləyək...
XANOĞLAN / SPORTİNFO.AZ

