Turan Manafov da Zamiq Əliyevin taleyini yaşayıb.
Albaniya çempionu "Eqnatiya" kimi Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubu da həmyerlimizlə müqaviləsinə xitam verib.
Bu barədə futbolçumuza məlumat göndərilib.
Səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) çağırışı ilə futbolçunun ölkədən çıxışına qadağa qoyulmasıdır.
"Qəbələ" qış fasiləsində Turanı CAR klubundan 4 aylıq icarəyə götürmüşdü.
Cinah müdafiəçisi mövsümün sonu yenidən məxsus olduğu kluba qayıtmalı idi.
Amma 27 yaşlı futbolçunun Azərbaycandan çıxışına icazə verilmədiyi üçün istəyi baş tutmayıb.
Nəticədə “Stellenboş”a qoşulmaq mümkün olmayıb.
Yaranmış vəziyyəti nəzərə alan qarşı tərəf millimizin sabiq oyunçusu ilə müqaviləyə xitam verib.
"Neftçi"nin yetirməsi 2025-ci ildə “Stellenboş”a transfer olunub.
O, adıçəkilən klubda 10 qarşılaşmada forma geyinib.
Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Mövcud vəziyyətdə futbolçunun hərbi xidmətə aparılacağı gözlənilir.
XANOĞLAN / SPORTİNFO.AZ

