Ermənilərin haqqında reportaj yaydığı Yaşar Sadıqov necə həlak olub? - VİDEO

27 Fevral 2021 12:30 Bizimkilər 8 604
Ermənilərin haqqında reportaj yaydığı Yaşar Sadıqov necə həlak olub? - VİDEO

Vətən Müharibəsində şəhid olan daha bir qəhrəman zabitimiz polkovnik-leytenant Yaşar Sadıqovun nəşi tapılıb.

Sportinfo.az xəbər verir ki, Yaşar Füzuli oğlu Sadıqov 10 avqust 1975-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olub.

O, 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, oktyabrın əvvəlində Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb.

Y.Sadıqov hərbi xidməti müddətində III dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubileyi, I dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi, "Azərbaycan Silahlı Qüvvələri Veteranı", "Azərbaycan Ordusunun 100 illiyi" yubileyi medalları ilə təltif olunub.

Yaşar Sadıqovun şəhid edilməsi ilə bağlı ilk məlumatı müharibə zamanı erməni telekanalları yaymışdı. Aşağıda təqdim etdiyimiz videomaterial oktyabrın 13-də yayılmışdı. Həmin materialda Murovdağ istiqamətində, Ömər aşırımından material hazırlayan erməni jurnalist bildirir ki, durduğu yer dəniz səviyyəsindən 3300 metr hündürlükdədir.

Müsahibə verən erməni hərbiçilər bildirir ki, səhər saat 8-də 60 nəfərə qədər Azərbaycan xüsusi təyinatlısı onları atəşə tutub. O, daha çox qumbaraatanlardan atəş açıldığını deyir. Bildirir ki, saat 12-yə qalmış Azərbaycan əsgərləri hücuma keçiblər. “Onların 30 nəfəri hücuma keçdi, 30-u isə hücuma keçənləri qoruyurdu. Amma biz hücuma keeçən 30 nəfərin çoxunu vurduq. Aşağıda 13 meyit qalıb”. Errməni hərbiçisi Y. Sadıqovun nəşini göstərərək deyir: “Bu isə onların komandiridir. Polkovnik leytenantdır. Yalnız onun cəsədini gətirə bildik bura, o birilər aşağıda qaldı”.

Daha sonra erməni hərbiçiləri yüksək pafosla öz vətənlərini müdafiə etdiklərini deyir, geri çəkilməyəcəklərini bildirirlər. Və reportaj başa çatır.

Erməni hərbiçilərinin həmin vaxt hazırlanan reportajdakı pafoslarına baxmayaraq, 44 günlük müharibənin necə başa çatdığı hər kəsə məlumdur.

Məhz Y.Sadıqov kimi qəhrəmanlarımız sayəsində bu gün işğal altında olan torpaqlarımız azadlıqdadır.

Bildirək ki, Y.Sadıqovun iki övladı vardı.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!