“İndi bütün kənd Vüqarla fəxr edir...” - FFOTOLAR

26 Yanvar 02:52 Bizimkilər 1 378
“İndi bütün kənd Vüqarla fəxr edir...” - FFOTOLAR

44 günlük ikinci Qarabağ müharibəsinin tarixçəsi yaralansa da döyüş meydanını tərk etməyən, qanı axa-axa düşmənin üstünə şığıyan, yerləşdirildiyi hospitaldan faktiki olaraq qaçıb yaraları sağalmamış yenidən döyüşlərə qatılan qazilər, şəhidlər barədə əhvalatlarla zəngindir.

Bunlar Azərbaycan ordusunun əsgər və zabitlərinin düşməni əzmək, onu işğal olunmuş torpaqlardan qovub çıxarmaq üçün nə dərəcədə motivasiyalı olduğunu sübut edən epizodlardır.

Hansı ki, düşmən illərdir özünü Azərbaycan əsgərinin döyüş motivasiyasının guya aşağı olduğuna inandırmışdı və guya erməni əsgərinin daha motivasiyalı olduğu haqda lovğa bəyanatlar səsləndirirdi.

Yaraları sağalmamış hospitalı məcburi tərk edən və yenidən döyüşə atılan şəhidlərdən biri də Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin baş çavuşu Vüqar Əkbərovdur. 30 yaşlı döyüşçü müharibənin ilk günlərindən xidmət etdiyi bölmənin tərkibində cəbhəyə yollanıb.

Yaxınları virtualaz.org-a deyir ki, Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə başından yaralanıb. Ona kəllə - beyin travması diqnozu qoyulub, bir neçə gün hospitalda müalicə olunub. Həkimlər sağalması üçün uzunmüddətli müalicə ilə yanaşı reabilitasiya kursları da tövsiyə ediblər. Lakin Vüqar müalicəsini yarımçıq qoyaraq təkidlə yenidən cəbhəyə qayıdıb. Vüqar Əkbərov noyabrın 7-də Şuşada, şəhərin azad olunmasına saatlar qalmış şəhid olub.

Vüqar Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulub. Hərbi xidməti başa vurandan iki il sonra, 2012-ci ildə müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq Daxili Qoşunlarda fəaliyyətə başlayıb, Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Göstərdiyi xidmət və qatıldığı yarışlarda dəfələrlə təltif olunub.

Yaxınları deyir ki, Vüqar həmişə söhbətlərində müharibənin başlamasını arzu edirdi, deyirdi ki, torpaqları azad etmək və düşməndən qisas almaq üçün onun və döyüşçü yoldaşlarının ən böyük istəyidir.

Yaralı halda cəbhəyə qayıtmaq istəyəndə atası təklif edib ki, müalicəni tamamlayana qədər qalsın, sonra getsin. Vüqar isə atasından halallıq istəyib, deyib ki, dostlarının, yoldaşlarının hamısı döyüşdədir. “Onlar vuruşarkən mən xəstəxanada qala bilmərəm” deyib. Bildirib ki, hökmən Şuşa uğrunda döyüşlərə qatılmaq istəyir. Həmin vaxtlar Vüqarın döyüş yoldaşları artıq Şuşa ətrafına qədər irəliləmişdi.

Ailəsi də Vüqarın bu arzusunu bildiyindən müalicəsinin yarımçıq saxlayıb, cəbhəyə geri dönməsidə ona mane olmaq istəməyib.

Vüqar qardaşı Vüsalla birgə Aprel döyüşlərinə də qatılıb. Vüqarın qardaşı Vüsal hərbi həkimdir. Hazırda xidmət edir.

Vüqar şəhid olandan sonra döyüşçü dostları onun qəhrəmanlıqlarından danışırlar, sosial şəbəkələrdə onun haqqında yazırlar. “İndi təkcə ailəsi, qohumları deyil, bütün kənd Vüqarla fəxr edir”,-yaxınlarından biri deyir.

Vüqar 3 il əvvəl ailə qurmuşdu. Şəhid baş cavuş öz doğma kəndində dəfn edilib.

Vüqar Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallar ilə təltif edilib.

Ü.Xudiyeva

Digər Xəbərlər
Xəbər Lenti