"Premyer Liqa davam etdirilsə, çox böyük yanlış olar" – Emin Abbasov

26 May 17:52 Azərbaycan Futbolu 496
"Premyer Liqa davam etdirilsə, çox böyük yanlış olar" – Emin Abbasov

"Futbola ac olduğumuz bir dönəmdə çoxumuz istəyirik ki, Premyer Liqamız davam etdirilsin.

Ancaq gəlin, məsələyə hisslərlə yox, ağılla, məntiqlə yanaşaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın keçmiş idman direktoru Emin Abbasov deyib.

O, koronavirus pandemiyası səbəbindən 2 aydan artıqdır dayandırılan mövsümün davam etdirilib-etdirilməməsiylə bağlı öz fikirlərini bölüşüb: "Normalda mövsüm bitəndən sonra futbolçular 1 aylıq istirahətə gedib-qayıdır və komandalar yeni mövsüm üçün 2 ay hazırlıq keçirlər.

Bu 2 aylıq müddət ərzində bir neçə mərhələdən ibarət hazırlıq mərhələsi olur, xaricdə təlim-məşq toplanışları keçirilir. Bu müddətdə komandalar 10-a yaxın yoldaşlıq oyunu keçirir və buna rəğmən, ilk turlarda hələ tam formada olmur bəziləri.

İndi gəlin, bir də indiki duruma baxaq. Komandalar 3 aya yaxındır heç məşq etməyiblər. Belədə futbolçuların formaya düşməsi üçün bəlkə 2 və ya 2,5 ay vaxt lazım olacaq. Bunu dəqiq demək çətindir, çünki adlı-sanlı məşqçilər də heç vaxt belə fasiləylə üzləşməyiblər.

Bu durumda biz istəyirik ki, komandalar 20 gün məşq eləyib, 1 aya 8 tur və kubok oyunlarını yekunlaşdırsınlar. Əgər çempionat davam etdirilsə, çox böyük yanlış olar. Niyə? İlk növbədə futbolçuların zədə riski xeyli böyükdür.

Digər tərəfdən oyun keyfiyyəti lap bərbad səviyyəyə olacaq. Bunun digər həssas tərəfi odur ki, bəzi futbolçuların kontraktı bitir və bilirlər ki, klubda qalmayacaqlar. Belə durumda əksər oyunçular özünü zədədən qoruyacaq, belə desək, "yola verəcəklər".

İndiki halda ən doğru qərar çempionatı tamamlayıb, komandaların indidən yeni mövsümə hazırlaşmasıdı. Məşqçilər gərək proqram tərtib edib, yeni mövsümə normal hazırlaşsınlar.

Transfer çalışmalarını etsinlər, yoldaşlıq matçları keçirsinlər. Bu mövsümü xilas etmək istəyi ilə gələn mövsümü itirmək təhlükəsi ilə üzləşə bilərik. Çünki klubların yeni mövsümə hazırlaşmaq üçün vaxtı az olacaq. Yeni transferlərin komandaya uyğunlaşması və bu kimi xeyli problemlər üzə çıxacaq".

Təcrübəli funksioner fikirlərinə bir də bunları əlavə edib: "Bəzən elə fikir irəli sürürlər ki, Azərbaycan klublarının qazancı olmadığına görə heç bir itki də yoxdur və pandemiya bizim futbola təsir etməyəcək.

Açığı, mənə görə, bu, bir az dar düşüncəli yanaşmadır. Azərbaycan futbolunun pulu neftdən və iş adamlarından gəlir. Neft düşüb, iş adamları da ziyan içindədir. Bu durumun klublarımıza öz təsirini göstərməməsi imkansızdır!".

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 21:00 Azərbaycana vaxt verdi