
Fevralın 19-da məlum oldu ki, Avro-2020-nin Bakıda keçiriləcək oyunları kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün perspektiv imkanlar yaradacaq.
KOB-lara dəstək məqsədilə “Fan Zona”nda və stadionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışı həyata keçiriləcək.
Bu məqsədlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) birgə əməkdaşlıq edəcək.
KOBİA və AFFA-nın təşkilatçılığı, 150-yə yaxın KOB subyektinin iştirakı ilə təşkil olunmuş “Avro-2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbirdə Avropa çempionatı-2020 kimi nüfuzlu tədbirlərdən KOB subyektlərinin faydalanması, satış imkanlarını genişləndirməsi barədə məlumat verildi.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın ev sahibliyi edəcəyi Avro-2020 oyunlarının ölkəmizdə idmanın, xüsusilə futbolun inkişafına öz töhfəsini verməklə yanaşı, KOB subyektlərinin məhsullarının satışına da əlverişli imkan yaradacağını qeyd edib.
Vurğulanıb ki, KOBİA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində oyunların keçiriləcəyi müvafiq ərazidə KOB-ların məhsullarının satışına dəstək məqsədilə xüsusi stendlər qurulacaq.
Burada KOB-lar tərəfindən istehsal olunan müxtəlif qida məhsullarının, suvenir, hədiyyə, geyimlərin və s. satışı nəzərdə tutulur. Bu əməkdaşlıq həmçinin, Azərbaycan məhsullarının tanıdılması, yerli və xarici futbol azarkeşlərinin və şəhərimizin qonaqlarının oyunlar zamanı müxtəlif xidmətlərdən (alış-veriş, qidalanma və s.) istifadəsinə əlverişli imkan yaradacaq. Tədbir çərçivəsində Avro-2020 və biznes imkanları”na dair təqdimat keçirilib, KOBİA-nın fəaliyyətinə dair film nümayiş olunub.
Sonra KOBİA və AFFA arasında Avro-2020 çərçivəsində ölkəmizdə keçiriləcək oyunlar zamanı KOB-lara dəstəyə dair Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov imzalayıb.
Bir müddət əvvəl isə UEFA koronavirus pandemiyası səbəbindən yarışın 1 il sonra ertələdiyini açıqladı. Görəsən, KOBİA və AFFA arasında imzalanmış “Avro-2020” çərçivəsində əməkdaşlıq haqqında Memorandum qüvvədə qalırmı?
KOBİA-dan Sportinfo.az-a bildirilib ki, narahatlığa heç bir əsas yoxdur: “Bu ilin fevralın 19-da KOBİA və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında “Avro-2020”nin Azərbaycanda keçiriləcək oyunları çərçivəsində mikro, kiçik və orta sahibkarlara (KOB) dəstək məqsədilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumda “Avro-2020”nin Bakıda təşkil olunacaq oyunları çərçivəsində “Fan Zona”sında və stadionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışına dəstək göstərilməsi nəzərdə tutulurdu.
Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbindən bu yay keçirilməsi planlaşdırılan “Avro-2020” oyunları növbəti ilə təxirə salındı. KOBİA və AFFA arasında imzalanmış əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq, Avropa çempionatı çərçivəsində KOB-lara dəstək göstərilməsi məsələsi öz qüvvəsində qalmaqdadır.
Sadəcə olaraq, pandemiya səbəbindən Avropa çempionatının gələn ilə ertələnməsinə görə əməkdaşlıq müəyyən müddətə qədər təxirə salınıb“.