COP29

Rəşad Sadıqovun göstərdiyi nöqtədə nə gizlənir?

9 Fevral 23:00 Azərbaycan Futbolu 577
Rəşad Sadıqovun göstərdiyi nöqtədə nə gizlənir?

Bu gün legioner limtinin artırılmasını birmənalı şəkildə tənqid edənlərdənəm.

Heç limitin artırılmasında maraqlı görünən Rəşad Sadıqovu da bu məsələdə dəstəkləmirəm.

Və ötən mövsümün “Şamaxı” nümünəsi göstərdi ki, məşqçilərimiz maraqlı olsa və bir qədər də əziyyətə qatlaşsa yerli futbolçu tapıb, üzə çıxarmaq mümkün olar.

Və bunun baş verməməsində tək günahkar heç də həmin məşqçilər deyil.

Həm də klub rəhbərlərini buna razı salmaq lazımdır.

Ki, qısa müddətdə nəticə qazanmaq şakərindən əl çəksinlər.

Və bütün bunlardan sonra bir də bizim futbol ictimaiyyətinin tənqidlərinə tab gətirmək üçün Əyyub peyğəmbərin səbrinə sahib olmalısan.

Sanki bu ölkədə bütün klublar çempionluq üçün döyüşməlidir.

Yox, yox, avrokuboklara getmək üçün. Axı liqamızın yeni adı da var – “Qarabağ” və digərləri.

Yəni Ağdam təmsilçisinin çempionluğu ilə barışmışıq.

Digərləri də əlbir olub avrokuboklar üçün döyüşməlidir.

Bu liqada kimsə autsayder, ortabab statusunda ola bilməz.

Olana, elə görsənənə pis gözlə baxırlar.

Məsələn, ötən mövsüm “Şamaxı” aşkar autsayder idi. Qısa müddətdə yığılan komanda bütünlüklə yerlilərdən qurulmuşdu.

Rəsmi səviyyədə məqsədlərinin liqada qalmaq olduğu açıqlanmışdı.

Amma həmin futbol ictimaiyyəti (kiçik istisna xaric) kütləvi şəkildə tənqid dalğasını Şamaxı istiqamətinə yönləndirmişdi.

Ki, heç olmasa 3-4 legioner alıb, asanlılqa liqada qalın. Yəni mütləq həmin əcnəbi olmalıdır. 3-4 legionerdən sonra da tələb gələcək ki, əşşi 1-2 sanballı transfer də edib asanlıqla avrokuboklar üçün döyüşmək olar. Baxın, bizim futbolun inkişafının önünə sipər olan maneələrdən biri də bu cür yanlış düşüncədir.

Ona görə də bu gün sonuncu pillədə gedən “Qəbələ” 12 legionerin heç olmasa yarısından imtina edib əvəzinə akademiya uşaqları ilə yola davam etməyə qorxur.

Bu gün Azərbaycan futbolunda üzdə olan bir neçə gəncin inkişafında Rəşad Sadıqovun böyük payı var. Zamanında müxtəlif bölgələrdən onun sayəsində “Qarabağ”a cəlb edilən kasıb ailələrin övladları bəlkə də indi bir nəslin dolanışacaq yeridir.

Amma həmin Rəşad Sadıqov da “Zirə”də gənc azərbaycanlı balalarına yetəri qədər şans verə bilmir. Məhz həmin kütlənin batil təzyiqindən ehtiyat edir.

Əbəs deyil ki, “Səbail”lə kubok matçından sonra gənc mütəxəssis səmimi etiraf edib: “Bu gün gənclərə şans versəm, həm də "Neftçi", "Sabah", "Qarabağ"la rəqabət aparmalıyam. Tələblər belə olanda, sənin də hədəflərin futbolçu yetişdirmək yox, hazır oyunçu götürüb nəticə verməkdi. Məqsədimiz ortalarda qalmaq olarsa, razıyam. Sizin də məndən gözləntiniz o olsa ki, Rəşad yerli futbolçu qazandırsın, hədəfimi o yöndə qoyaram”.

Mütəxəssis hər şeyi nöqtə, vergülə kimi düz deyib. Onun sözlərini ünvanladığı nöqtədə bizim yanlışlarımız pərvaz edir.

Bir zamanlar Qurban Qurbanovun məşqdə futbolçuları ilə “kvadrat” oynaması məsxərəyə qoyulurdu.

Yaxın keçmişdə Cavid Hüseynovun Region Liqasında klub çalışdırmasına qeyri-ciddi yanaşmışdıq.

Deməli, sabah uşaq yetişdirən Rəşad Sadıqov da qeyri-ciddi qəbul oluncaq.

Bu ölkədə ciddi qəbul olunmaq üçün mütləq Qurban Qurbanovun nəticələrini təkrarlamalısan. Mütləq Qurban Qurbanov olmalısan.

Ki, həmin “kvadrat” oynadığı üçün qımışanlar, durub ayaq üstə sənə əl çalsınlar.

Bu ölkənin futbolunun bəlası təkcə AFFA-nın yarıtmaz rəhbərləri deyil.

Heç klublar, məşqçilər də deyil.

Bu ölkənin futbolunu inkişafdan qoyan səbəblərdən biri də kütlənin yalnış yanaşmasıdır.

Nə istədiyini bilməməsidir.

Və bunun nəticəsində Rəşad Sadıqov kimi yerli futbolçularla işləməyi ən çox istəyən mütəxəssis dönüb olur əcnəbi sevdalısı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"