COP29

Rahat-rahat AFFA-nı tərk edib, yığdıqlarınızı xərcləməyin dalınca gedə bilərsiz!

24 Noyabr 2023 23:00 Azərbaycan Futbolu 2 099
Rahat-rahat AFFA-nı tərk edib, yığdıqlarınızı xərcləməyin dalınca gedə bilərsiz!

"Mən yerli mütəxəssisin tərəfdarıyam. Biz bunun üçün gecikmişik.

Yerli mütəxəssisə imkan verməliyik ki, çalışsın. Vaxtımız var, İcraiyyə Komitəsinin növbəti iclasında millinin baş məşqçisi vəzifəsi üçün bir neçə namizədi irəli sürə bilərik.

Mənim bir neçə namizədim var. Adlar açıqlamaq istəmirəm. Bir neçə yerli mütəxəssis var ki, onlar millini çalışdırmağa qadirdir.

Bizim dünya futbolu ilə ayaqlaşan məşqçilərimiz var. Mən bunu görürəm. Hesab edirəm ki, bunlar ətrafında müzakirələr aparıb seçimimizi edə bilərik”.

Bu fikirlər AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov deyib.

Bərəkallah, müəllim.

Bir az da tezdi, bəlkə?

Hələ bir 15 il də günümüzü gəlmələrlə keçirək, sonra dünya futbolu ilə ayaqlaşan məşqçilərimiz yada düşər, davam edərik.

Özü də dünya futbolu ilə ayaqlaşan haa...

Bu adamlarda utanmaq hissi yoxdur da.

Cəmi bir il əvvəl elə sizlər deyildinizmi italiyalı mütəxəssisin müqaviləsinin artırılmasına "ok" verən?

Onda yox idi bizim dünya futbolu ilə ayaqlaşan məşqçilərimiz?

Son bir ildə yetişib, o səviyyəyə gəldilər?

Yox, yox, Sadıqov. Düz yoldan danışmaqda, düz yola gəlməkdə çox gecikmisiniz.

İllərdi futbolumuzun inkişafına De Byazi kimi əcnəbilərdən çox sizin kimi yerli mütəxəssislər mane olub.

Bundan sonra isə sizin düzləri danışmağa, yerli məşqçi məsləhəti verməyinizə gərək yoxdur.

İtaliyalının arxasınca da elə sizin dəstəni yollamaq lazımdır.

Dünənə kimi Elxan Məmmədovun havasına oynadınız, deyəsən, indi də yeni baş katib Sərxan Hacıyevin komandasında yer almaq planları qurursunuz.

Çox nahaq...

Dünya futbolu ilə ayaqlaşan məşqçilərimizin olduğunu özünüz öyrənmisiniz. Gec də olsa.

Mən də sizə bir başqa məlumat verim.

Əmin olun ki, təkcə dünya futbolu ilə ayaqlaşan məşqçilərimiz yox, həm də futbol idarəçilərimiz var.

Rahat-rahat AFFA binasını tərk edib, illərdi yığdıqlarınızı xərcləməyin dalınca gedə bilərsiniz.

Azərbaycan futbolunun dünya futbolu ilə ayaqlaşmasına xatir.

Xudahafiz, Vaqif Sadıqov!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"