Bu gün fanklublar arasında “Forza Neftçi”nin özünəməxsus yeri var.
2009-cu il fevralın 9-da yaradılan və həmin vaxtdan bu yana tribunalara xüsusi ab-hava gətirməyə başlayan bakılı fanatlar könüllərə yol tapmağı bacarıb.
Onlar üçün rəqibin kimliyi, rəqib azarkeşlərin sayı və bacarığı qətiyyən vacib deyil. İlk dəqiqələrdən sona qədər sevimli “Neftçi”ni dəstəkləyib, tribunada canlanma yarada bilirlər.
“Xəzər Lənkəran” “sağ olan” vaxtlarda “forzalılar”ın səsi daha gur gəlirdi. Cənublu həmkarlarıyla rəqabət, “böyük oyun”dan əvvəl və sonra mətbuat səhifələrində ideya atışmaları, matçın gedişində tribunalardakı qalmaqallar – bütün bunlar əsl fanatlıq göstəricisi idi. İsti-soyuq bilmədən “Neftçi”nin səfər oyunlarına gedər, qonaq olduğunu hiss etdirməzdilər.
Düzdü, “Forza Neftçi” bu gün də var. “Neftçi”nin əvvəlki iddisından uzaq düşməsi, çempionatdakı rəqabətin azalması istər-istəməz azarkeş qrupunun fəallığına da müəyyən təsir göstərib. Lakin onlar yenə də “1 nömrə” olduqlarını sübut etməyə çalışırlar. Yaxın keçmişdə Elxan Abdullayevə olan təzyiqlər, futbolçuları divara dirəmələri yaddaşlardan silinməyib.
“Forza Neftçi”nin 9 yaşı tamam oldu. “Neftçi” rəsmi saytı vasitəsilə sadiq azarkeşlərini təbrik etsə də, sosial şəbəkələrdə komanda üzvləriylə fanatların birgə əyləndiyini, ad gününü qeyd etdiklərini görmədik.
Halbuki öncəki ad günlərində baş məşqçi, bir neçə futbolçu, klub rəsmilərindən kimsə iştirak edərdi. Mövzu qaranlıq qaldığından fanklubun rəhbəri Sübhan Əliyevlə əlaqə saxlayıb, həm qəzetimiz adından təbrik etdik, həm də dediyimiz məsələyə aydınlıq gətirdik (Futbol+):
“Uşaqlarla özümüz yığışdıq. Hardasa 400-500 civarında üzvlərimiz olsa da, məclisdə 100-ə yaxın azarkeş iştirak etdi. Deyib-güldük, şənləndik. İnşallah, 10 illiyimizi daha təmtəraqlı şəkildə qeyd edərik. Açığı, futbolçuların iştirak etməsini özümüz istəmədik.
“SKA-Xabarovsk”a 1:8 hesablı məğlubiyyətdən sonra bir az əsəbiyik. Ona görə də “Kəpəz”lə oyunda qələbə qazanmaqla bizə ad günü hədiyyəsi etmələrini gözləyirik. Klubdan isə azarkeşlərlə əlaqələndirici Tural Məmmədov gəlmişdi. Sağ olsun, özüylə üzərində fanklubun adı və yaşı yazılan tort da gətirmişdi. Razıyam, budəfəki ad günümüz əvvəlki illərə nisbətən sakit keçdi. Eybi yox, gələn il daha səs-küylü olar” (gülür).

