Avro-2020 təxirə düşsə, Azərbaycan nə edəcək?

6 Mart 2020 17:38 AÇ-2020 1 120
Avro-2020 təxirə düşsə, Azərbaycan nə edəcək?

Dünya ölkələrini təhlükə altına alan koronavirus idman yarışlarına da təsir etməkdədir.

Artıq bir sıra ölkələrdə müxtəlif idman növləri üzrə çempionatlar, yarışlar təxirə salınıb. Bu proseslərin davamlı olacağı istisna deyil.

Bütün bunlar cari ilin iyun-iyul aylarında bir sıra Avropa ölkələrində, o cümlədən, Azərbaycanda da keçiriləcək Futbol üzrə Avropa Çempionatını gündəmə gətirib.

Dəhşətli virus o vaxta qədər davam edərsə, mötəbər yarışın təxirə salınıb-salınmayacağı barədə çoxsaylı fikirlərə rast gəlinir. Əgər bu baş verərsə, AÇ-2020-nin təşkilatçı ölkələrinə dəyə biləcək zərər müzakirə mövzusudur.

Eyni zamanda, bu ölkələrdən hansısa biri koronavirus təhlükəsi səbəbindən oyunları keçirməkdən imtina edərsə, hansı sonuclarla qarşılaşa biləcəyi müzakirələr sırasındadır.

Sportinfo.az-ın tanınmış yazarı Natiq Muxtarlı təhlükələrin olduğunu istisna etmir: “Koronavirusa görə böyük idman yarışlarının təşkili ilə bağlı təhlükə mövcuddur. Bunu rəsmilər də etiraf edirlər.

Artıq olimpiadanın və Futbol Üzrə Avropa çempionatının təxirə salına biləcəyi ilə bağlı məlumatlar yayılır. BOK və UEFA bu yöndə müzakirələr aparır. Hər iki qurum Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə işləyir.

Hazırda Avropa çempionatının təxirə salınacağı ilə bağlı qəti fikir söyləmək olmaz. Bu, virusun yayılma arealından asılı olacaq. Virusun yayılması genişlənib epidemiya xarakterli olacaqsa, sözsüz,

Avropa çempionatının keçirilməsinə də təhlükə yaranacaq. Amma ÜST rəsmiləri bildiriblər ki, hazırda virusun yayılması epidemiya xarakterli deyil. Üstəlik, aprel ayında virusun ram ediləcəyi də proqnozlaşdırılır.

Bütün bunlar Avropa Çempionatının vaxtında keçiriləcəyi ilə bağlı nikbin qənaət formalaşdırır. Ancaq bir tərəfdən də görürük ki, virus az qala Avropanın bütün ölkələrinə keçib.

Avropa çempionatına ev sahibliyi edəcək ölkələrdən olan İtaliyada isə durum daha ciddidir. O da ola bilər ki, virusun geniş yayıldığı ölkədən təşkilatçılıq hüququ alınsın. UEFA risk etməmək üçün bəzi oyunların yerini dəyişə bilər.

Ancaq burda hansısa ölkənin fərdi olaraq qərar çıxaracağını, yarışı keçirməkdən imtina edəcəyini və ya hansısa ölkənin turnirə qatılmayacağını güman etmirəm. Bütün qərarlar ciddi araşdırmalardan sonra UEFA tərəfindən veriləcək.

Hətta ciddi təhlükə olacağı təqdirdə, oyunların azarkeşsiz keçirilməsi ideyası da var. Yəni UEFA bütün variantları nəzərdən keçirir. Heç şübhəsiz, koronavirus həm UEFA-ya, həm də təşkilatçı ölkələrə külli miqdarda zərər vura bilər. Hazırda virusun turizm sektoruna vurduğu ziyan ölçüyə gəlmzədir.

AÇ da turizm sektoru üçün əla fürsət sayılır. Bu məsələdə hər hansı ölkə təkbaşına qərar çıxartmayacaq. Belə olacağı təqdirdə, həmin ölkə ciddi cəzalandırıla bilər. İndi hər şey virusla mübarizədən asılıdır.

Ümid edək ki, qısa müddətdə virus ram ediləcək. Yox, belə olmayacağı təqdirdə, təbii ki, Avropa Çempionatının təxirə salınması da gündəmə gələcək. Çünki insanların sağlamlığı hər hansı bir turnirdən daha vacibdir. Hətta bu turnirlərin təşkili üçün külli miqdarda vəsait xərclənsə belə. Amma gəlin nikbin olaq.

Onu da nəzərə alaq ki, virusla bağlı dünya mətbuatında da bilərəkdən qorxunc xəbərlər yayırlar. İnanaq ki, virus lokallaşdırılacaq, maraqlara xidmət edən bu tip xəbərlər səngiyəcək və Avropa çempionatı da vaxtında keçiriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti