"Bacardığım qədər hər yeri gəzib, oyunçuları izləyəcəm"

5 Dekabr 2019 09:23 AÇ-2020 871
"Bacardığım qədər hər yeri gəzib, oyunçuları izləyəcəm"

"Avropa çempionatında 8-10 böyük komanda var. Digərləri də çox yaxşıdır" - Sportinfo.az xəbər verir ki, bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.

46 yaşlı mütəxəssis Britaniya mətbuatına açıqlamasında AVRO-2020-nin qrup mərhələsini dəyərləndirib. Giqqz İtaliya ilə görüşün son tura təsadüf etməsini özləri üçün üstünlük sayır.

O, qrupdakı rəqibləri barədə müsbət fikirlər səsləndirib: "Loqistik baxımdan qrup mərhələsinin ortasında Romaya səfər etməkdənsə, ilk iki matçı Bakıda keçirdikdən sonra Romaya getmək azarkeşlər üçün daha yaxşıdı. İsveçrə yaxşı komandadı, istedadlı oyunçuları var.

Türkiyə seçmə mərhələdə Fransa və İslandiya ilə eyni qrupda idi və ordan məharətlə çıxdı. İtaliya isə bütün oyunlarında qələbə qazandı. Bütün bunlar çətin olacağından xəbər verir.

Bir neçə dəfə İtaliyaya qarşı oynamışam. Onların seçmə mərhələni xal itirmədən başa vurmaları böyük futbol ölkəsi olmasından xəbər verir. İtaliya ilə matçı səbirsizliklə gözləyirəm".

Rayan Giqqz dörd il əvvəl olduğu kimi, qitə birinciliyində yenə uğurlu çıxış hədəflədiklərini vurğulayıb: "Şadam ki, "ölüm qrupu"nun dördüncü komandası olmadıq. Bacardığım qədər hər yeri gəzib, oyunçuları izləyəcəm.

Ümid edirəm ki, iyun ayında yaxşı formada olan çoxlu futbolçularımız olar və geniş seçim imkanı yaranar. 2016-cı ildə olduğu kimi, şansımızdan yararlanmaq istəyirik. Asan deyil, Fransadakı kimi sürət yığmalıyıq".

A qrupunda yer alan Uels yığması iyunun 13-də İsveçrə, 17-də Türkiyə ilə Bakıda qarşılaşdıqdan sonra ayın 21-də Romada İtaliya ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti