“Fikirləşdim ki, mənə ehtiyac varsa, niyə də kömək etməyim?”

29 Noyabr 2023 20:40 Şamaxı 1 369
“Fikirləşdim ki, mənə ehtiyac varsa, niyə də kömək etməyim?”

“Bu təyinatı həqiqətən gözləmirdim, təsadüf nəticəsində oldu”.

“Şamaxı”nın yeni baş məşqçisi Ramiz Məmmədov Sportinfo.az-a açıqlamasında belə deyib.

Buna kimi əyalət klubunun iadrəetmə strukturunda təmsil olunan mütəxəssis ona həvalə edilən növbəti iş haqda aşağıdakıları söyləyib:

“Təklif rəhbərlikdən gəldi, mən də dəyərləndirdim. Fikirləşdim ki, mənə ehtiyac varsa, niyə də kömək etməyim?

Bilirsiz ki, ötən mövsümdən “Şamaxı”da İdarə Heyətinin sədr müavini olmuşam. Baxışlarımız üst-üstə düşür, ona görə də komandanı götürməyə razılıq verdim.

Qarşımıza qoyulan məqsədi bilirik – Premyer Liqaya qayıtmaq. Çalışıb komandanı ən yaxşı yerlərə götirəcəyik.

Vüqar Əsgərli və onunla bərabər çalışmış məşqçi heyətinə klub rəhbərliyi adından öz təşəkkürümü bildirirəm. “Şamaxı” üçün çox əziyyət çəkdilər.

Onların əziyyətini də klub rəhbərliyi dəyərləndirib. İstefa qərarı Vüqar müəllimin özünə aiddir.

Onun fəaliyyətini xaraketizə etmək düzgün deyil. Özü də deyib ki, qarşısına qoyulan məqsədə çata bilmədiyi üçün buradan ayrılmağı lazım bildi”.

55 yaşlı mütəxəssis turnir cədvəlində 4-cü yerdə qərarlaşmaları ilə razılaşmayacaqlarını bildirib:

“Sırf yerli uşaqlarla çıxışımızı davam etdirəcəyik. Komandanın durumu yaxşıdır, ab-hava normaldır.

Düşünürəm ki, "Şamaxı"nın turnir cədvəlində hazırda qərarlaşdığı mövqe layiq olduğu yer deyil. Daha irəli getmək, konkret çempion olmaq istəyirik”.

R.Məmmədov Azərbaycan Kubokunda mümkün qədər irəliləməyi hədəflədiklərini vurğulayıb:

“I Liqa komandasının gücü hara qədər çatırsa, kubokda ora qədər mübarizə aparacağıq.

Ehtiyatda olan futbolçularımız var. Az şans qazanan uşaqlara da etimad göstərəcəyik ki, təcrübə toplasınlar”.

“Şamaxı” I Liqada 9 turdan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb. Komanda Azərbaycan Kubokunun II təsnifat mərhələsində, noyabrın 30-da səfərdə “Zaqatala” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti