“Araz-Naxçıvan” hesabat turunda “Zirə”nin müqavimətini qıra bilmədi.
Hesabı ilk hissədə zirəlilər açsa da, Naxçıvan təmsilçisi son dəqiqələrdə penalti qolu ilə hesaba tarazlıq gətirməyi bacardı.
Son anda yenilgidən qurtulan “Araz”ın futbolçularının sevincli görünməsini başa düşmək olardı.
Əsas heyətin dəyişməz üzvü, bosniya və herseqovinalı yarımmüdafiəçi Miço Kuzmanoviç Sportinfo.az-a verdiyi müsahibədə matçla bağlı sualları cavablandırıb.
- 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?
-İki fərqli hissə oldu. Birincidə “Zirə” yaxşı oynadı, ikincidə biz. Fikrimcə, bərabərlik qolunu haqq edirdik. Ona görə də heç-heçəni ədalətli nəticə hesab edirəm. Mənə görə hər iki komanda 1 xaldan razı qalmalıdır.
- İlk 45 dəqiqədə passiv görünməyinizin səbəbi nə idi?
- Ona görə ki, psixoloji cəhətdən narahatlıq var idi. Belə deyim, “Zirə”nin sürətli futbolçularına görə müdafiədə səhv edəcəyimizdən ehtiyatlanıb, arxa xətdən irəli əsasən uzun ötürmələrdən istifadə edirdik. Belə olanda isə topu itirirdik, hücumlar yarımçıq qalırdı. Fasilədən sonra yerdən ötürmələrə üstünlük verməklə vəziyyəti xeyrimizə dəyişməyi bacardıq.
- Qısası, məmnunsan.
- Qələbə qazana bilmədiksə, önəmli olan uduzmamaq idi. 8 oyunluq məğlubiyyətsiz seriyamız var idi, 9-a yüksəldi. Bunun özü “Araz-Naxçıvan” üçün sevindirici məqamdır.
- 10 gündən sonra- noyabrın 6-da təxirə salınmış oyuna görə “Zirə”ylə daha bir dəfə qarşılaşacaqsınız. Qısa müddətdə eyni rəqiblə iki dəfə üz-üzə gəlmək yorucu olmur?
- Sözsüz, hər iki komanda üçün çətin olacaq. Lakin indi biz onları daha yaxşı tanıyırıq. Çünki cari mövsümdə ilk dəfə üz-üzə gəldik və özümüz üçün müəyyən nəticələr çıxardıq. Fikrimcə, ayın 6-dakı oyun daha maraqlı və gərgin olacaq.
HƏBİB