COP29

Bölgədə problemli klub - Dövlət dotasiyasına dayaz münasibət

17 Sentyabr 17:00 Araşdırma 531
Bölgədə problemli klub - Dövlət dotasiyasına dayaz münasibət

Azərbaycan futbolu bizləri təəccübləndirməyə davam edir.

Ötən dəfə "İmişli"nin ev oyunlarını keçirmək üçün müvəqqəti olaraq Tovuz şəhər stadionuna köçməsi barədə yazmışdıq.

Klub rəhbərliyinin yaxınlıqda yerləşən Saatlı Olimpiya Kompleksinin stadionun, Yevlaxa şəhər stadionun, Şamaxı şəhər stadionun buraxıb Tovuza getməsi haqlı olaraq ictimaiyyətdə də birmənalı qarşılanmamışdı.

Bu dəfə qarşılaşdığımız mənzərə İmişli təmsilçisinin addımını da kölgədə qoyub.

Deməli, İkinci Liqanın ikinci turunda Saatlını təmsil edən "Saatlı-Araz" "Göygöl"ü, İmişlinin təmsil edən "Kür Araz" isə "Şahdağ "Qusar"ı qəbul edib.

"Kür Araz" İmişli"nin digər təmsilçisi "İmişli"dən fərqli olaraq arenanın təmirə bağlanmasına görə rəqiblərini qonaq etmək üçün Tovuz gedib çıxmayıb.

Elə qonşuluqdakı Saatlı OİK stadionuna pənah aparıb. Kifayət qədər məntiqli addımdır.

Burada təzad təşkil edən məqam odur ki, "Kür Araz" rəqiblərini Saatlıda qəbul etdiyi halda, bu rayonu təmsil edən "Saatlı-Araz" Şirvana köçüb. Bölgə klubu ev oyununu Şirvan OİK-də keçirib.

"Kür Araz" Saatlıda meydana çıxmasaydı, hardasa düşünmək olardı ki, yəqin stadionda təmir işləri gedir və ya başqa narahatlıq var.

Amma Saatlı OİK-də bir başqa bölgə klubu meydana ayaq basır, amma doğma rayonun təmsilçisi başqa bölgəyə didərgin düşür.

Vəziyyətin belə olacağını aylar əvvəl xəbər vermişdik.

Ümid edirdik ki, mövsümün startına kimi məsələ öz həllini tapar.

Görünür, biabırçı mənzərə hələ bir müddət davam edəcək.

Hər halda, «Araz Saatlı»nın prezidenti Ədalət Abdullayevin saytımıza açıqlamasında bu qənaətə gəlmək olar:

«Komandamız hələlik ev oyunlarını doğma rayonda keçirə bilməyəcək. Bu xəbər elə sizin saytınız vasitəsilə bizim «mətbəx»dən çıxıb. Olimpiya Kompleksinə borcumuz var, açığı.

Amma yaranmış problem borcdan daha çox, şəxsi intriqa zəmninə keçib.

Ona görə də Şirvan Olimpiya Kompleksinin rəhbərliyi ilə danışdıq və razılığa gəldik. Peəşkar Futbol Liqasının nümayəndələri Şirvana oldu, stadionu təftiş etdi».

Qısası, acınacaqlı durum «Araz» rəhbərliyi ilə yerli Olimpiya Kompleksinin direktoru Aqil Heydərov arasında yaranmış problemlə əlaqədardır.

Belə ki, cari ilin birinci yarısınadək «Araz»da vitse-prezident postunu tutmuş Heydərovun idarəçilərlə münasibətlərində soyuqluq əmələ gəlib. Və bu da pul üstündədir.

Ötən mövsüm I Liqada qüvvəsini sınamış «Araz»ın kompleksə borcu yaranıb. Hardasa 10 min manat civarında ödəmədən söz açırıq.

Klub yönətimi həmin vəsaiti hissə-hissə ödəmək istəsə də, sabiq vitse-prezident bununla razılaşmayıb. O, borcun tam şəkildə, özü də qısa bir müddətdə geri qaytarılmasını tələb edib.

Amma bu, hələlik mümkün deyil. odur ki, komanda rəqiblərini Şirvanda yerləşən Olimpiya Kompleksinin stadionunda qonaqlayır.

Bir sözlə, şəxsi maraqlar növbəti dəfə doğma rayonun klubundan önə çıxıb. Dövlət artıq üçüncü mövsümdür dotasiya ayırır ki, futbol inkişaf etsin. Bölgələrdə canlanma yaransın. Yeni istedadlar kəşf olunsun. Yerli camaat idmanın şahın tamaşa etsin.

Amma bu cür insanların dayaz yanaşmasına görə, pullar xərclənir, amma əsas hədəf qalır kölgədə. Ümid edək ki, qısa müddətdə iyrənc durum aradan qaldırılacaq.

Ki, Saatlı təmsilçisi doğma azarkeşləri önündə meydana çıxsın. Yerli publika İmişli təmsilçisi üçün yox, sevimli komandalarına görə Saatlı Olimpiya Kompleksinin stadionuna yol alsınlar.

XANOĞLAN/SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik