Ermənistan Rusiyaya dost olan postsovet ölkələri sırasındadır, lakin İrəvan iki ölkənin münasibətlərinə yenidən baxmağa başlayıb.
Moskva Əlaqələrin İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun araşdırmasında belə deyilir.
“Tədqiqat apararkən 14 ölkədən səkkizi dost dövlət kimi tanınıb: Belarus (88,4 bal), Qırğızıstan (60,6 bal), Özbəkistan (59,3 bal), Qazaxıstan (58,4 bal), Ermənistan (58,3 bal), Tacikistan (57,9 bal), Azərbaycan (57 bal) və Türkmənistan (47,1 bal). Dörd ölkə isə açıq düşmən kateqoriyasına düşüb: Latviya (mənfi 45,8 bal), Litva (mənfi 49 bal), Estoniya (mənfi 51,8 bal) və Ukrayna (mənfi 83,6 bal). Daha ikisi, Gürcüstan və Moldova (24,2 və 8,3 bal) "nisbətən dost" dövlətlər hesab olunur", - məlumatda deyilir.
Qeyd olunur ki, Ermənistan və Qazaxıstan strategiyasını dəyişən dövlət qruplarına düşüb: “Sözügedən dövlətlər Rusiya ilə münasibətlərin tarixinə yenidən baxmağa başlayıb. Bu proses kommunikasiyaların inkişafını pisləşdirəcək. Moskva düzgün kommunikasiya strategiyasını seçməlidir. Bəzi ölkələrdə Rusiyaya qarşı yaxşı münasibət ətalətlə təkrarlanır. Lakin bu ətalət getdikcə quruyur və yaxşı münasibətləri saxlamaq üçün əlavə səylər tələb olunur”. Təsadüfi deyil ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə Ermənistanın Rusiyanın müvəqqəti yerləşdirildiyi zonada vəziyyətin həllinə Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞ PA-nı cəlb etmək cəhdlərinə qarşı xəbərdarlıq edib. Sitat: “Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının dövlət başçıları səviyyəsində qəbul olunmuş qərar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu sazişlərin həyata keçirilməsi üçün hər şeyi edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq, ölkəni itirə bilərlər. Avropa Parlamentini və AŞ PA-nı işə cəlb etmək istəyən bizlər 10 dəfə düşünməli və bunun Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında necə bitdiyini düşünməliyik. Sülh istəyən, problemin həllini istəyən hər kəs bu kvazi-parlamentlərdən - istər AŞ PA-dan, istərsə də Avropa Parlamentindən - uzaq durmalıdır, aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti daha da gərginləşdirəcək. Əgər bunu edirlərsə, onda nəticələrinə görə məsuliyyət daşımalıdırlar” - deyə, Dövlət Dumasının saytı V.Volodindən sitat gətirir.

