"Qarabağ"la "Neftçi" sanki futbolçu seçməkdə çətinlik çəkir"

19 İyul 2021 11:40 Araşdırma 1 597
"Qarabağ"la "Neftçi" sanki futbolçu seçməkdə çətinlik çəkir"

"Ümumi tendensiya odur ki, avrokuboklara gedən klublar transfer işlərini daha erkən bitirməyə çalışdılar. Məsələn, "Keşlə" və "Sumqayıt"".

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Erkin İbrahimov deyib.

Tanınmış agent avrokuboklara qatılan təmçilərimizin seleksiya fəaliyyəti baarədə fikirlərini bölüşüb.

Sitat: "Düzdür, "Sumqayıt"ın futbolçu seçimi bir qədər məhduddur. Onların əsas məqsədi heyəti saxlamaq idi, onu da bacardılar.

"Qarabağ"la "Neftçi" isə sanki futbolçu seçməkdə çətinlik çəkir. Bəlkə də fikirləşirlər ki, "Dinamo" və "Aşdod" kimi rəqibləri transferlər olmadan da keçmək olar.

Hardasa bunda məntiq var. Amma hər iki kluba da hücumçu lazımdır. Nə qədər tez həll edilsə, o qədər yaxşıdır.

Ümumiyyətlə, transferlər sırf avrokuboklar üçün edilmir. "Çukariçki" Serbiyada "Partizan" və "Zrvena-Zvezda"dan sonra üçüncü klub sayılır.

Bu klublara düşə bilməyən futbolçular "Çukariçki"yə baxır. Paytaxt klubudur, stabilliyi ilə tanınır. Bəziləri ən rahat rəqibin "Sumqayıt"a düşdüyünü düşünür.

Mən serb futboluna bələd olan biri kimi belə deməzdim. "Sumqayıt"ın işi asan olmayacaq. Rəqibin heyətində yaxşı əcnəbilər var. "Sumqayıt" isə ancaq yerli pasportu olan futbolçuların əsirinə çevrilib.

İmkan verilsin, bu komanda da 2-3 legioner gətirsin, ancaq yerli futbolçulardan asılılıq olmasın. İstənilən halda baş məşqçi Mehdi Cənnətov və Xəyal Nəcəfovu çıxmaq şərtilə bütün yerli futbolçuları qoruya bildi.

Ayxan Abbasov 3 ildir komandadır. Heyətin əksər futbolçuları xeyli müddətdir bir yerdə oynayır. Əgər ilk oyunda kritik hesablı məğlubiyyət olmasa, "Sumqayıt" öz meydanında cütün taleyini həll edə bilər.

Bu mövsüm yeni bir turnirlə qarşılaşırıq. Elə ola bilər ki, ikinci mərhələdəcə bizim təmsilçilərimizin sayı çox azalsın. Birinci mərhələdə Cəbəllütariq kimi ölkələrin təmsilçiləri var.

Ancaq ikinci mərhələdə görürsən ki, güclü ölkələri təmsil edən klublar var. Deməzdim ki, heç bir klubumuzun şansı yoxdur.

Məsələn, "Keşlə" "Soçi" ilə oynayır. Bilirik ki, Rusiya klubları bizimkilərə yuxarıdan-aşağı baxır. Bu baxımdan hər şey komandadan və baş məşçinin futbolçuları necə hazırlamasından asılıdır.

Məncə, bəhanə olmamalıdır ki, bizə Rusiya klubu düşüb. İki il öncə gördük ki, "Neftçi" daha yüksək pillələrdə olan "Arsenal"ı uddu.

"Qarabağ"ın çox böyük təcrübəsi var. Bu, Avropda uğurlu olmaq üçün başlıca şərtdir. Düzdür, çox da transfer etmədilər.

Son anda hücumçu da problemli çıxıb, geri qaytarıldı. "Neftçi" transferlərsiz "Dinamo"nu keçdi. Ola bilsin, Qurban Qurbanov da məsələyə bu cür yanaşır.

Mən deyərdim ki, bu mövsüm Qurban Qurbanov transferlərə hər zamankından daha həssas yanaşır. Transfer naminə transfer olmayacaq.

Əminəm ki, "Qarabağ"dan növbəti transferlər olacaq. Deməzdim ki, klub rəhbərliyi büdcəni azaldıb. Sadəcə, Qurbanov ötən mövsümdən daha diqqətli olmağa çalışır.

Əlbəttə ki, azarkeşlərin daha çox gözü "Qarabağ" və "Neftçi"nin üzərindədir. "Neftçi" artıq bir mərhələ keçib.

Düzdür, qələbələr qazanılıb, amma oyun o qədər də uğurlu olmayıb. İlk oyunlar idi, komandanın toparlanması üçün vaxt lazımdır. Samir Abasovun transferlərdə çətinlik çəkdiyi görünür.

İndi hansı şərtlərdə çalışdığını bilmirəm. Amma görünür ki, seçim imkanı geniş deyil. Bir neçə futbolçu vardı ki, rəhbərlik onları gətirə bilmədi.

Amma çempionsansa, daha güclü rəqibləri keçmək məcburiyyətindəsən. Bunun real olması isə sual altındadır".

Digər Xəbərlər
Xəbər Lenti