"Hamıdan çox mən istəyərdim ki, “Zaqatala” yüksək liqada olsun"

6 İyun 2020 16:42 I Divizion 930
"Hamıdan çox mən istəyərdim ki, “Zaqatala” yüksək liqada olsun"

Növbəti mövsüm üçün Premyer Liqada klub sayının artırılacağı,10 komandanın iştirak edəcəyi gözlənilirdi.

Lakin koronavirus pandemiyasından sonra maddi durğunluğun yaşanması bu gözləntilərin qarşılanmayacağından xəbər verirdi.

Sportinfo.az xəbər verir ki, son olaraq AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov növbəti mövsüm elitada 8 komandanın mübarizə aparacağını açıqlayıb.

Bunu nəzərə alaraq premyer-liqaya yüksəlməsi gözlənilən klublardan münasibət öyrəndik (Futbol+). “Zaqatala”nın İdarə Heyətinin sədri Musa Qurbanovu dinləyək:

“Hamımız istəyirdik ki, premyer-liqada komandaların sayı çox olsun. Hamıdan çox mən istəyərdim ki, “Zaqatala” yüksək liqada oynasın. Bunu məndən çox istəyən olmazdı, amma bu, bizim istəyimizlə düzələn iş deyil.

Ötən ildən planlaşdırmışdılar ki, 10 komanda ola bilər. Lakin görünür, böhran AFFA-ya imkan vermədi. Bütün komandalar SOCAR-dan maliyyələşir. Mən istəyərdim ki, əsas çempionatda 10, 12, hətta 16 komanda mübarizə aparsın.

Bu, bir nəfərin qərarı deyil. Rövnəq Abullayevin və daha yüksək səlahiyyətə malik olanların qərarıdı ki, gücləri çatmadı, maliyyə dəstəyi verə bilmədilər.

Bu qərara deyiləcək hansısa sözüm yoxdu. Bizim sponsorumuz AFFA-dı, hansısa özəl, müstəqil şirkət sponsorluq etmir. Qurum nə qərar versə, biz də onunla yaşayırıq. Əsas liqada oynasaydıq, planlarımızda Zaqatalada futbolu daha da genişləndirmək, təbliğatını artırmaq var idi.

Əsas çempionata yüksəldikdən sonra daha çox uşaq cəlb etmək olur, valideynlər uşaqlarını futbola daha çox gətirir. İndi bunlar olmayacaq, həmişəki kimi davam edəcəyik.

Görünən o idi ki, əsas çempionata yüksəlmək üçün üstünlük “Kəpəz”lə “Turan Tovuz”a veriləcək. Açıq şəkildə deyilməsə də, orda aparılan işlər göstərirdi ki, bu klublara daha isti yanaşırlar.

Bilirsiz, Tovuzda UEFA-nın dəstəyi ilə futbol məktəbi açıldı. Gəncədə də bu baxımdan işlər görülürdü.

Səhv etmirəmsə, stadionu təmir edirdilər, həmçinin baş məşqçi, Müşahidə Şurasının sədrinin göndərilməsi, futbol adamlarının cəlb olunması onu göstərirdi ki, ora daha isti yanaşılar. Düzdü, nəticəni bilmək olmaz. Yer tutsaydıq, biz də iddia qaldıracaqdıq ki, əsas çempionatda oynamaq istəyirik”.

“Kəpəz”in baş məşçisi Yaşar Vahabzadə də qərara hörmətlə yanaşdıqlarını söylədi: “Belə qərar qəbul olunubsa, hörmətlə yanaşmalıyıq. Düzdü, gözləyirdik ki, premyer-liqada komanda sayı artırılacaq. Bu il alınmadı, müəyyən səbəblər var ki, onlara görə baş tutmadı.

Bildiyiniz kimi, bunlar da pandemiya ilə bağlı səbəblərdi. “Kəpəz”də elə yerli futbolçular var ki, hələ gəncdilər, yeni-yeni böyük futbola başlayırlar. Bəlkə də həmin futbolçular üçün daha bir il oynamaq, oyun təcrübəsi qazanmaq onlara fayda verər”.

Digər Xəbərlər
Xəbər Lenti