AFFA İntizam Komitəsi “Səbail”in baş məşqçisi Adil Şükürova sərt cəza tətbiq edib.
Aprelin 2-də I Liqada keçirilən 20-ci turun “Səbail” – “Baku Sportinq” oyununun 65-ci dəqiqəsində Adil Şükürov ikinci sarı vərəqədən ”qırmızı” aldıqdan sonra hakimləri təhqir edib.
Bu səbəbdən ona 4 oyunluq cəza tətbiq edilib, klub 3000 manat cərimə edilib.
48 yaşlı mütəxəssis isə "report"a açıqlamasında iddia edib ki, o, hakimləri söyməyib:
"Oyunda bəzi şeylər oldu. Yaşananlar insanda əsəb və stres yaradır. Müəyyən xoşuma gəlməyən epizodlar yaşandı, qərarlar verildi.
Təbii olaraq narazılığımı bildirdim. Artıq söz işlədilməyib, söyüş qətiyyən söyülməyib.
Amma götürüb protokola əlavə ediblər ki, guya pis söz demişəm. Həmin vəziyyətin çəkilişi də yoxdur, sübutu da.
Deyiləsi söz yoxdur, hakimlər nə istəyirlər, qərar verirlər, acısını da biz çəkirik. Bütün bu hadisələr üst-üstə yığılır, insan əsəb keçirir".
Bu hadisə klubdaxili gərginliyə səbəb olub. Rəhbər AFFA tərəfindən aldığı cəzadan dolayı baş məşqçiyə sərt etiraz edib.
Maliyyə vəziyyətinin qaydasında olmadığı bir dönəmdə 3000 manat cərimənin qətiyyən yerinə düşmədiyini bildiriblər.
Dindar kimliyi ilə bilinən Şükürov isə heç vaxt dilinə təhqiramiz söz gətirmədiiyni deyərək, barəsində verilən qərarı qəbul etməyib. O, cərimənin maaşından tutulmasına qarşı çıxıb.
SPORTİNFO.AZ

