Liderin kapitanı: "Bir məğlubiyyətlə təslim olmaq olmaz"

14:00 I Divizion 92
Liderin kapitanı: "Bir məğlubiyyətlə təslim olmaq olmaz"

Birinci Liqanın lideri "Şəfa" mövsümdə ilk məğlubiyyətini Mingəçevirdə aldı - 2:5.

Sportinfo.az-a açıqlama verən komandanın kapitanı Tərlan Quliyev "Mingəçevir" önündəki darmadağınla bağlı danışıb:

"Mingəçevir" məğlubiyyətini artıq unutmuşuq. Elə oyundan sonra baş məşqçimiz də, mən də uşaqlara dedik ki, futbolda belə hallar olur.

Sadəcə, səhvləri təkrarlamaq olmaz. Üzərində ciddi işləmək lazımdır.

Buraxdığımız qollara da baxanda görünür ki, həmin gün "Mingəçevir"in günü idi. Demək olar ki, rəqibdə hər şey alındı.

Əziyyət çəkdilər, vuruşdular. Qətiyyən qələbələrinə kölgə salmaq istəmirəm.

Ramiz müəllim yaxşı kollektiv yaradıb. Futbolda belə hallar olur. Amma görüşdən nəticə çıxarmaq lazımdır.

Karyeramda belə hallarla rastlaşmışam. Sadəcə, səbrli olmaq lazımdır. İstər rəhbərlik, istərsə də məşqçilər ikiqat həvslə oyunçuların yanında olmalıdır.

Birlik olmalıdır. Belə olan halda hər bir tapşırığının öhdəsindən layiqincə gəlmək mümkündür.

Futbolda udmaq olduğu kimi, uduzmaq da var. İlk məğlubiyyətimizi yaşadıq. Hər şey geridə qaldı".

Bu gün isə paytaxt klubunu daha bir iddialı "Səbail"lə görüş gözləyir.

Görəsən, Mingəçevirdəki şokdan ayılmaq problem olmayacaq?

Təcrübəli müdafiəçi suala cavabında çox ehtiyatlı danışıb:

"Səbail" son oyunlar yaxşı çıxış edir. Son görüşdə "Baku Sportinq"i udublar. Həyətlərində tanıdığımız oyunçular var. Məşqçilər heyətini tanıyırıq. Asan təslim olmayacaqlar.

Hətta mövsümün əvvəli hər kəs düşünürdü ki, birinci və ikinci pilləni "Səbail"lə "Şəfa" tutacaq. Gördüyünüz kimi, futbolda fərqli şeylər yaşana bilir.

Oyuna tam hazırıq. Bəzi zədəli oyunçular var. Amma kollektiv olaraq psixoloji baxımdan hazırıq.

Bu mərhələdə 1 məğlubiyyətlə təslim olmaq olmaz. "Səbail"lə görüşdə də hər şey baş verə bilər. Lakin buna rəğmən duruşumuzu pozmalı deyilik".

"Şəfa" - "Səbail" görüşü 15:00-da start götürəcək.

45 xalla lider olan "Şəfa" üçüncü sırada qərarlaşan "Səbail"i 8 xal qabaqlayır.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti