COP29

“Mən hələ 5-6 tur öncədən demişdim ki…” - Komandanı lider edən XİLASKAR

18 May 08:50 I Divizion 4 320
“Mən hələ 5-6 tur öncədən demişdim ki…” - Komandanı lider edən XİLASKAR

“İlk növbədə gərgin, gözəl oyuna görə “Qaradağ-Lökbatan”a təşəkkür edirəm.

Hakimlərə, eləcə də yüksək təşkilatçılıqda rolu olan hər bir kəsə minnətdaram.

Mənə elə gəlir ki, azarkeşlər bu oyundan zövq ala bildilər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov 1-ci liqanın 25-ci turunda səfərdə “Qaradağ-Lökbatan”ı 3:2 hesabı ilə məğlub etdikləri oyun haqda deyib.

Mütəxəssis hesabda önə keçdikdən sonra müdafiəyə çəkilmələrinin səbəbini belə izah edib:

“Bizə qəhrəmanlıq, çempionluq lazımdır. Dəfələrlə gözəl oyun sərgiləyib, xal itirdiyimiz matçlar olub. Tarixdə yaxşı və ya pis oyun yox, nəticə qalır”.

O, hesabda geri düşdükdən sonra fasilədə lazım olan sözləri futbolçularına dediyini bildirib:

“Komanda olaraq əvvəldən qələbəyə köklənmişdik. Mən hələ 5-6 tur öncədən demişdim ki, futbolçularıma inanıram, biz lider ola bilərik. Komanda bu gün bir daha xarakterini ortaya qoydu. Biz arxayınlıqdan xallar itirmişik”.

Maraqlıdır ki, Ramiz Məmmədov kimi, “Qarabağ-Lökbatan”ın baş məşqçisi Azər Həşimov da Mingəçevir futbol məktəbinin yetirməsidir.

R.Məmmədov bildirib ki, bu məqam iki məşqçi arasında hər hansı rəqabət yaratmayıb:

“Azər mənim kiçik qardaşımdır, əzizimdir. Hər zaman öz mərifəti, qanacağı ilə Azərbaycan futbolunda seçilib. Bu gün qardaşlıq öz yerində, futbol öz yerində idi. Azərə də, “Qarabağ-Lökbatan”ın rəhbəri Sadıq müəllimə də (Sadıq Sadıqov nəzərdə tutulur-red.) uğurlar arzulayıram”.

Bu gün “Qaradağ-Lökbatan”ı məğlub etdikdən sonra “Şamaxı” sona 1 tur qalmış liderliyi ələ keçirib. Lakin Ramiz Məmmədov bildirib ki, indidən çempionluq barədə düşünmür:

“Biz hələ çempion olmamışıq. Bəli, bu, “qızıl oyun” idi. Lakin çempion son turda müəyyənləşəcək”.

Mütəxəssis son turda qarşılaşacaqları “Araz Saatlı”nın autsayder olmasının heç bir əhəmiyyət kəsb etmədiyini söyləyib:

“Turnir cədvəlinə fikir verməmişik. Autsayderlə matça belə liderlə görüşə çıxırmış kimi köklənmişik. Bütün rəqiblərə hörmətlə yanaşmışıq. Çünki çempionatda zəif komanda yoxdur”.

“Növbəti matçda da bugünkü görüşdəki kimi VAR-ın olmasını istərdiniz?” sualını “Şamaxı”nın çalışdırıcısı belə cavablandırıb:

“Olsa, sevinərdik. Lazım gəlsə, bununla bağlı PFL-ə müraciət edəcəyik”.

Sonda isə Ramiz Məmmədov hələlik rəhbərliklə yeni mövsümlə bağlı müzakirələr aparmadıqlarını vurğulayıb:

“Çempionat bitdikdən sonra bu barədə danışacağıq. Biz hələ çempion olmamışıq.

Hazırda müvəqqəti olaraq liderliyə yüksəlmişik. Yalnız çempionluqdan sonra rəhbərliklə bu barədə müzakirələr aparmaq olar”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"