"Dedi ki, narahat olmayın, klubu gözəl günlər gözləyir, gedin, Premyer Liqaya hazırlaşın"

25 Yanvar 2023 16:00 I Divizion 1 032
"Dedi ki, narahat olmayın, klubu gözəl günlər gözləyir, gedin, Premyer Liqaya hazırlaşın"

“Bugünlərdə rəhbərliklə görüş oldu və bütün məsələlər razılaşdırıldı“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz Naxçıvan“ın baş məşqçisi Azər Bağırov deyib.

Dünən xəbər verdiyimiz kimi, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov “Araz Naxçıvan”la bağlı toplantı keçirib.

Yığıncaqda komandanın I Divizionun ilk dövrəsindəki çıxışı geniş müzakirə olunub. Mövsümün birinci yarısını lider başa vuran komandanın nəticələri müsbət qiymətləndirilib.

Naxçıvam Ali Məclisinin sabiq sədri vasif Talıbova yaxınlığı ilə bilinən iş adamı “Araz Naxçıvan”ın idarəçiləri və məşqçilərindən çempionluq tələb edib.

O. eyni zamanda, “hazırlaşın, gələn mövsüm Premyer Liqada mübarizə aparacağıq” tapşırığı verib.

Toplantı barədə danışan Azər Bağırov bildirib ki, klubu yaxın perspektivdə yeni inkişaf mərhələsi gözləyir:

«Bizdə hər şey plan üzrə gedir. Mövsümün əvvəlində qarşımıza hansı məqsədlər qoyulmuşdusa, o yolla da davam edir.

Planlarda heç bir dəyişiklik yoxdur. Olsa da, daha yaxşısı olacaq. Son görüşdə bütün məsələləri müzakirə etmişik.

Şəraitin bir qədər də yaxşılaşdışdırıması, görülməsi vacib işlər barədə təqdimat yazdım və təqdim elədim. Orada göstərdim ki, filan-filan məsələlər də həllini tapsa, klub istənilən hədəfə çatar.

Burada söhbət təkcə komandadan getmir. AFFA-nın Premyer Liqada iştirak üçün irəli sürdüyü lisenziyalaşdırma tələbləri var. Həmin meyarları yerinə yetirmək lazımdır.

Naxçıvan Futbol Federasiyası bu şərtlərlə bağlı işlər görməkdədir. Ciddi surətdə bununla məşğuldurlar. Artıq bütün qərarlar verilib.

Vüqar Abbasov hazırladığım raportu araşdırdı və öz razılığını verdi. Tapşırdı ki, bütün məsələlər tezliklə həll olunsun.

Özü də dedi ki, heç nədən narahat olmayın, klubu gözəl günlər gözləyir. Bildirdi ki, gedin, Premyer Liqaya hazırlaşın, «Araz Naxçıvan»ı bundan sonra lap tez dirçəldəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti