"Bəs baş hakim hara baxırdı?
Niyə protokolda adı olmayan oyunçunu meydana buraxıb?".
Bu sualları saytımıza açıqlamasında Birinci Divizonun 2-ci turunun "Araz Naxçıvan"la matçında (0:3) protokolda adı olmayan oyunçu oynatdığı üçün "İmişli"yə verilən məğlubiyyətə münasibət bildirərkən komandanın baş məşqçisi Ruhid Usubov dilə gətirmişdi.
Biz də yuxarıdakı suallara cavab tamaq üçün üz tutduq Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasova.
PFL rəsmisi sorğumuza cavab olaraq bunları deyib:
"Bildiyiniz kimi, 2019-cu ildən bu yana Peşəkar Futbol Liqası matçların texniki məsələlərinin təşkilini elektron qaydada həyata keçirir. Bu qaydalar Premyer Liqa, Azərbaycan Kuboku və I Divizion yarışları üçün keçərlidir.
Məhz bu sistem sayəsində mümkün texniki səhvlər minimuma endirilib. Klublar oyunun start heyətini seçərkən cəzalı oyunçunu seçə bilmir, bundan əlavə limiti aşdıqları zaman xəbərdarlıq göndərilir ki, siz artıq müəyyənləşdirilən limiti keçmisiz.
Bu sistemin üstünlükləri çoxdur, hamısını sadalamaq kimi bir niyyətim yoxdur. Sadəcə, bildirmək istərdim ki, klublar sadəcə və sadəcə əvəzetmə vaxtı səhv edə bilərlər.
Çünki siz əgər oyundan öncə hər hansı bir futbolçunu oyun üçün qeyd etmək istəmirsinizsə, sistem bunu tələb edə bilməz və əgər adı qeyd olunmayan oyunçu əvəzetmə zamanı meydana çıxırsa bunu da tənzimləmək sistem tərəfindən qeyri mümkündür.
Ümumiyyətlə, cəzalı, adı qeyd olunmayan oyunçunun əvəzetmədən meydançaya daxil olmasına görə klub cavabdehdir”.
XANOĞLAN / SPORTİNFO.AZ

