“Qısa zamanda bu bölgələrdə komandalar yaratmaq əsas hədəfimizdir"

29 Noyabr 2020 23:20 Voleybol 621
“Qısa zamanda bu bölgələrdə komandalar yaratmaq əsas hədəfimizdir"

“44 gün davam edən vətən müharibəsi inamlı qələbəmizlə sona çatdı.

Torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə başda cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla xalqımızı voleybol ictimaiyyəti adından səmimi qəlbdən təbrik edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı zəfərinə münasibət bildirib. Onun sözlərinə görə, torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi tarixi hadisədir:

“Hər bir vətəndaşımız kimi mən də ölkəmizin inkişafı və məğlubedilməz Ordumuzla qürur və fəxr hissi keçirirəm. Bu gün əsgərlərimiz bizlərə qazanılan qələbə ilə sevincli anlar yaşadırlar. 30 il işğal altında olan torpaqlarımız düşməndən azad olundu. Müharibənin gedişində şəhidlərimiz oldu. Onlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə baş sağlığı verirəm, yaralı igidlərimizə Allahdan şəfa diləyirəm. Azərbaycanın çoxlu igid oğlan və qızları var. Könüllü olaraq minlərlə gəncimiz ordu sıralarına qoşuldular. Bir vətəndaş kimi hamı Azərbaycan uğrunda əlindən gələni etməyə hazır idi və bu gündə hazırdır”.

Vitse-prezident qeyd edib ki, Dağlıq Qarabağdakı müharibənin gedişində və bu gün də qitə, həmçinin dünya voleybol qurumları Azərbaycana dəstəklərini əsirgəmirlər. Onun sözlərinə görə, bir sıra federasiyalar bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlarla da həqiqəti dünyaya çatdırırlar: “Hər gün mənə digər ölkələrin voleybol federasiyalarından, Avropa Voleybol Konfederasiyasından zənglər gəlirdi. Onlar bu gün də əlaqələr qururlar. Əgər müharibənin gedişində qələbəmizə inam ifadə edirdilərsə, bu gün ölkəmizin bütövlüyünü bərpa etməyimiz münasibəti ilə təbriklərini çatdırırlar. Onlar arasında Türkiyə voleybol camiəsini xüsüsi qeyd edərdim. Bildiyiniz kimi, Azərbaycan milli komandasından başqa, qardaş ölkənin də əsas yığmasının baş məşqçisi olmuşam. “Ay-ulduzlular”la beynəlxalq arenalarda kifayət qədər qələbə sevinci yaşamışam. Onlar da müharibənin başladığı gündən demək olar ki, hər an burdakı vəziyyətlə maraqlanırlar. Bunu tək Türkiyə Voleybol Federasiyasının rəhbərliyi deyil, qurumun adi işçisindən tutmuş, menecerləri, voleybolçuları, hakimləri də edirdilər. Hər bizi bizim qədər narahat olduqlarını, amma qələbəyə inandıqlarını vurğulayırdılar. Şükürlər olsun ki, doğma torpağından, evindən ayrı düşən həmvətənlərimiz 30 ildən sonra Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində öz yurdlarına qovuşurlar.

Biz şanslıyıq. Çünki gözəl rəhbərimiz var. Bu gün Prezidentimiz bütün dünyaya Azərbaycanın necə güclü ölkə olduğunu bir daha göstərdi. Biz hər zaman Prezidentimizin yanında və əmrindəyik”.

F.Qarayev Azərbaycan Voleybol Federasiyasının işğaldan azad olunan ərazilərdə görmək istədiyi planlarından da danışıb. Onun sözlərinə görə, əsrarəngiz təbiətə malik Qarabağda voleybolun inkişafı və kütləviləşməsi yolunda bütün güclərini səfərbər edəcəklər: “Qısa zamanda işğaldan azad olunmuş bölgələrimizdə voleybol komandalarını yaratmaq əsas hədəfimizdir. Hazırda koronavirus pandemiyası səbəbindən qapalı məkanlarda məşqlərə icazə verilmir və hər kəs kimi biz də bütün qaydalara riayət edirik. Buna baxmayaraq, videokonfranslarımız və iclaslarımız olur. Bu görüşlərdə əsas müzakirə mövzumuz idmançıların hazırkı vəziyyəti və bölgələrdə voleybolun inkişaf etdirilməsidir. İnanıram ki, güclü və daha gözəl ölkə çempionatları keçirəcəyik. Yaxın zamanlarda işğaldan azad olunmuş torpaqlarımızda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik və idmançılarımız qələbələri ilə bayrağımızı ucaldacaqlar. İnanıram ki, müharibədəki qələbəmiz istənilən sahədə Azərbaycanın daha da çiçəklənməsi yolunda mühüm rol oynayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti