COP29

Azərbaycan millisinin kapitanı iddialı açıqlama verdi

18 Avqust 2023 01:20 Voleybol 804
Azərbaycan millisinin kapitanı iddialı açıqlama verdi

"Yarışa qələbə ilə start vermək istəyirik, bunun üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Avropa çempionatı ilə bağlı danışarkən deyib.

30 yaşlı oyunçu artıq ilk matçın hazırlıqlarına başladıqlarını bildirib:

"Düsseldorfda məşqə çıxmışıq. İlk gündə qaydalara uyğun olaraq bizim üçün ayrılan məkanda hazırlaşdıq. Bu gündən isə əsas arenada məşqlərimizi keçirəcəyik".

Abduləzimova zədə səbəbindən bir neçə yoxlama oyununu buraxdığını xatırladıb:

"Turnirə hazırlıq ərəfəsində bir neçə yoxlama oyununda qüvvəmizi sınadıq. Mən və bir neçə komanda yoldaşım zədə səbəbindən bəzi qarşılaşmaları buraxmalı olduq. Hazırda isə ciddi zədəmiz yoxdur".

Təcrübəli oyunçu son olaraq yarışdakı şanslardan söz açıb:

"İnanıram ki, hər birimiz ən yaxşı oyunumuzu sərgiləsək, yarışda uğurlu nəticə qazana bilərik. Komandamıza uğurlar arzulayıram".

Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Yığma ilk görüşünü avqustun 18-də Çexiyaya qarşı keçirəcək.

Xəbər Lenti