Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, seçməmizin Niderlandda keçirilən yarışda birinci rəqibi meydan sahibləri olub. Apeldorn şəhərində reallaşan görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Vasif Talıbovun rəhbərlik etdiyi kollektivimiz ilk setdə niderlandlılarla başa-baş mübarizə aparsa da, sonda 2 xal fərqi ilə uduzub, 23:25.
Meydan sahibləri ikinci hissədə voleybolçularımızdan bir baş üstün olublar, 25:18. 3-cü dövrədə də təşəbbüsü əldən verməyən Niderland millisi sonda 3-0 hesabı ilə qalib gəlib.
Qrupun digər qarşılaşmasında Polşa seçməsi Bolqarıstan kollektivini üstələyib, 3:1. Millimiz növbəti oyununu sabah Bolqarıstan komandasına qarşı keçirəcək. Ertəsi gün isə zəriflərimiz polşalı həmkarları ilə münasibətləri aydınlaşdıracaqlar.
Tokio-2020 Yay Olimpiya Oyunlarında “köhnə qitə”ni təmsil edəcək sonuncu komanda adına 8 namizəd var. Millimiz qərarlaşdığı A qrupu ilə paralel olaraq, B qrupunda Almaniya, Xorvatiya, Türkiyə və Belçika qüvvələrini sınayacaq.
Hər 2 qrupda ilk 2 yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Yalnız turnirin qalibi Olimpiadaya vəsiqə qazanacaq.

