Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunun növbəti matçlarında daha yaxşı çıxış etməyə çalışacaq.
Sportinfo.az xəbər verir ki, bunu millinin voleybolçusu Polina Rəhimova deyib.
O, ilk görüşdə üz-üzə gəldikləri Portuqaliya yığması ilə qarşılaşmanın emosional baxımdan çətin keçdiyini söyləyib:
"Meydanda çox çalışsaq da, emosional gərginlik var idi. Ən çətin məqam Portuqaliya komandası ilə bağlı oldu.
Onlar müdafiədə çox yaxşı oynayaraq zərbələrimizi qaytara bildilər. Məşqlərdə rahat xal qazandığımız halda, oyunda buna imkan vermədilər".
P. Rəhimova növbəti rəqib İspaniya seçməsi ilə oyuna ciddi hazırlaşacaqlarını vurğulayıb:
"İspaniyanın oyununu izləyib rəqibi təhlil edəcəyik. Səhvlərimiz üzərində işləməliyik.
Qarşıda daha bir məşqimiz var və çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Ümid edirəm ki, doğma azarkeşlər önündə daha sakit və uğurlu çıxış edəcəyik".
Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ilk oyunda Portuqaliya millisini 3:1 hesabı ilə məğlub edib. Komanda növbəti matçını avqustun 23-də İspaniya yığmasına qarşı keçirəcək.
